Sabah keçiriləcək (saat 23.00) «Visla» - «Qarabağ» oyununa ölkəmizdə maraq çox böyük olsa da, xalqın başını şou-biznes verilişləri ilə qatan, düşük müğənnilərdən 2-3 min manat almaqla onları öz verilişlərinə çıxaran telekanallarımızın Avropa Liqasının bu matçını yayımlaması möcüzəyə qalıb. Halbuki elə hansısa kanal verilişə çıxardığı 5-10 müğənnidən aldığı pulla «Visla» - «Qarabağ» görüşünü canlı yayımlaya bilərdi. Bu gün bu məsələ ilə bağlı araşdırma apararkən, «Qarabağ»a yaxın mənbələrdən birindən bizi az da olsa ümidləndirən məlumat əldə etdik. Məlumatı verən mənbənin bildirdiyinə görə, polşalılarla oyunun hər iki tərəfdən canlı yayımlanması ilə bağlı əvvəl razılıq əldə olunsa da, sonra ortaya müəyyən problem çıxıb. Amma mənbənin dediyinə görə, danışıqlar hələ də davam edir və məsələ müsbət nəticələnsə, bizim hazıra nazir telekanallarımızdan birinin matçı yayımlayacağı dəqiqdir. Qeyd edək ki, «Visla» - «Qarabağ» qarşılaşmasını «Poland» TV canlı yayımlayacaq. Azərbaycanda KTV (kabel TV) istifadəçiləri bu oyunu izləmək imkanı qazanacaqlar.