Dünyanı ağuşuna alan narkomaniya bəlası Azərbaycanı da titrətməkdədir
28-07-2010
Dünyanı ağuşuna alan narkomaniya bəlası çox təəssüf ki, Azərbaycanı da titrətməkdədir. Bu bəlaya düçar olanların sonradan “ağ ölüm”ün əlindən qurtulmaq şansı xərçəng xəstəliyindən sağalmaq qədər azdır. Bu sözlər təkcə narkomaniyaya qarşı anti-reklam xatirinə deyimlər deyil. Bunları narkotiki həyatının mənası sayan kəslər dəfələrlə bildirib. Belə kəslərdən biri İlkin Yusifovdur (şərti addır). Elə narkotikanın vurduğu ziyanları da bu burulğanın içində çabalayan İlkindən öyrənməyə çalışdıq.
Qeyd edək ki, İlkin anasının himayəsində, ata qayğısı olmadan böyüyüb. Məktəb illərində əlaçı olub. Elə XI sinifi də fərqlənmə ilə bitirib. Lakin ali məktəbə imtahan verərkən onun biliyi yardımçı olmayıb və o, ali məktəbə qəbul ola bilməyib. “İstəyirdim vəkil olum. Amma nə biliyim mənə kömək oldu, nə də bəxtim gətirdi. İmtaha verməyə hazırlaşdığım gün elə narkotikaya qurşandım. Dostlarım sabah imtahan verəcəyimi bilib, yanıma gəlmişdilər. O gün yaxşıca yeyib-içdik. Dostumun biri mənə siqar təklif etdi. Düzünü desəm mən onun xətrinə dəyməmək üçün təklifi dərhal qəbul etdim. Amma nəşə olduğunu bilmirdim. Çəkəndən sonra özümü sərxoş kimi hiss etdim”.
İmtahandan kəsilən İlkin bir müddət utandığından dost-tanış arasına çıxmadı. Bir yandan depressiya, bir yandan anasının rişxənd və tənələri, digər tərəfdən də bekarçılıq onu içkiyə sövq etdi. İlk vaxtlar içkiyə qurşanan müsahibimiz özünə təzə dostlar da tapdı. “Əvvəllər nəşə mənə pulsuz verilirdisə, sonradan dostlarım xəsisləşməyə başladı. Mən də məcbur oldum “dərdimin dərmanı”nı əldə etmək üçün pul qazanım” söyləyən İlkin işləmək fikrinə düşdü. Qohumlarının köməyilə mühafizə şirkətlərindən birinə mühafizəçi vəzifəsinə daxil olan “qəhrəmanımız” bir müddətdən sonra işləri yoluna qoydu. Aylıq məvacibi 560 manat olan İlkinin artıq təlabatları da artmağa başladı. “Bir gün işdən sonra adəti üzrə tində yığışdıq. Saat gecə 3 olardı. Dostlarımdan biri mənə “nə vaxta kimi uşaq südü ilə qidalanacaqsan?” deyə soruşdu. Mən də ondan yaxşı nə varsa istədim” söyləyən İlkin istəyinin qarşılığını da aldı. Dostu ona cibindən bir ampula çıxarıb hədiyyə etdi. Birinci dəfə İlkinin damarına “vitamin” yeridən elə həmin dostu oldu. “Əvvəl damarıma qaynar su axdığını hiss etdim. Ağrıdan az qaldı ağlım başımdan çıxsın. İki saata qədər ağrıdan yerimdə qıvrıldım. Səhər saat beşə yaxın sözlə əvəz edə bilmədiyim həzz bütün bədənimi bürüdü. Həmin həzzi bir daha keçirtməkdən ötrü həyatımı belə verməyə hazır idim”, -deyə İlkin Yusifov vurğuladı.
Həmin gün özünü dünyanın sahibi hiss edən İlkin təkrar həzz keçirtməkdən ötrü başlayır damarına yeridilən maddənin miqdarını artırmağa. Narkotikanın təsiri altında olan İlkin işdə verdiyi nöqsana görə qovulur. Bu üzdən də pul tapa bilmir. Başlayır işlədiyi vaxt aldığı əşyalarını satmağa. Şəxsi əşyalarının pulu bir həftəyə qurtarır. Başlayır evdən oğurluq etməyə. Anasının sevinə-sevinə gəlin üçün yığıb saxladığı qızılları oğurlayıb satan İlkin bir də ayılır ki, artıq evdə oğurlanası heç nə qalmayıb. Bundan xəbər tutan ana da başlayır İlkini danlamağa. Anasının acı kəlmələrinin əvəzi isə İlkinin yumruqları olur. Hər gün anasını döyən narkotik qulu çətinlikdən çıxmaq üçün başlayır ov axtarmağa. Yəni narkotik satmaq üçün adam tapmağa. Beləcə xərclərini qarşılamağa çalışan İlkin bir gün əlində narkotik polis tərəfindən saxlanılır. Beləcə İlkin azadlığı türmə həyatına dəyişir. İki il həbsdə yatan İlkin bu gün də “ağ ölümdən” yaxa qurtara bilmədiyini bildirdi. “Türmədə olarkən birtəhər gözətçilərlə dil tapmışdım. Tam da olmasa ehtiyaclarımı ödəyə bilirdim” söyləyən İlkin türmədə olarkən də nəşə və narkotikadan istifadə etdiyini bildirdi. Qeyd edək ki, o dəfələrlə xəstəxanalarda müalicə olunub. Lakin bunu da heç bir effekti olmayıb. İndi damara vurduğu maddənin miqdarını xeyli azaltdığını bildirən İlkin bu vərdişin onunla birlikdə qəbirə qədər gedəcəyini düşünür.
“Bundan sonra çalışacayam ki, əməlim heç kimə ziyan vurmasın. Narkotikanın da miqdarını azaltmışam. Ondan bədənim ağrayanda istifadə edirəm. Heç vaxt evlənməyəcəyəm ki, özümlə bərabər başqası da bədbəxt olmasın. Narkotikanı isə anamın pensiyası və əlimin zəhmətilə qazandığım pulla alıram”, - deyə o fikrini tamamladı
İlkinin əhvalatını dinləmək çox çətin idi. Çünki onun dərin, qızarmış gözləri danışdıqca hədəqəsindən çıxır, bəzən verilən sualın mahiyyətinə belə varmadan, qırpılmadan saatlarla bir nöqtəyə zillənir. Biz isə onun həyat tarixçəsinin təsiri altında mütəxəssislə danışmaq qərarına gəldik.
Məsələ ilə əlaqədar Bakıda fəaliyyət göstərən ruhi xəstə və narkotik asılılığından əziyyət çəkənlər üçün nəzərdə tutulan Bərpa Tibb Mərkəzinin həkim-psixiatrı İbrahim Hacıyev ilə əlaqə saxladıq. Psixiatr İbrahim Hacıyev ANS PRESS-ə açıqlamasında narkomaniyanın toksikomaniyanın bir hissəsi olduğunu bildirdi. Toksikomaniya alkoqolizm, narkomaniya və digər alışdırıcı vərdişlərin insanda təzahür tapması deməkdir. Narkomaniya dövlət tərəfindən müəyyən edilmiş uyuşdurucu maddələrdən sui-istifadə deməkdir. Alkoqolizm özü də asılılıq yaradan vərdişdi və narkomaniyaya yol açan amillərdən biridir. Həkimin sözlərinə görə, İlkin də məhs bu yolla narkomaniyaya düçar olub.
İnsanın çox vaxt narkotikaya maraq üzündən cəlb olunduğunu deyən İbrahim Hacıyev ilk başlayanların çoxunun depresiyyadan çıxmaqdan ötrü istifadə etdiyini bildirdi. İlkinin də məhs belə çətin anlarda ona düçar olduğunu misal gətirən həkim depressiya vaxtı insanın daha tez təsir altına düşdüyünü vurğuladı.
“Təsəvvür edin ki, sizin dostlarınızdan kimsə çətin anlardan çıxış yolu kimi onu təklif edir. Çoxu ilk dəfə belə başlayır. Bəziləri məcburi olaraq başlayır. Kiminsə təsiri altına düşür. Lakin ən birinci maraqdır. Fikir verirsinizsə, bu qədər siqaretə, narkotikə qarşı antireklam gedir. Lakin hər kəs siqaretə maraq göstərir. Çoxu televiziyadan, filmlərdən və s. narkotik haqqında nəsə görür, maraqlanır. Azərbaycanın bəzi yerlərində nəşəni elə də qorxulu hesab etmirlər. Ona görə də ondan rahat istifadə edirlər. Lakin bəzi narkotiklər insanda fiziki və psixi asılılığı qısa vaxtda yaradır. Ondan iki dəfə istifadə artıq asılılıq yaradır. Hətta bir dəfə istifadə etdikdən sonra da asılılıq yaradan narkotiklər var”, -deyə İbrahim Hacıyev qeyd etdi.
Həkim İ.Hacıyev müalicənin bir neçə mərhələdən ibarət olduğunu bildirib. Əgər fiziki asılılıq varsa, bu zaman mütləq həmin şəxs həkim nəzarəti altında dərmanlar vasitəsilə müalicə almalıdır. Ən çətin mərhələ isə xəstəxanadan çıxandan sonrakı mərhələdir. Bu, reabilitasiya mərhələsi adlanır. Keçmiş narkoman bu zaman ən qorxulu anlarını yaşayır. Həmin mərhələdən çox şeyin asılı olduğunu söyləyən Hacıyev bu zaman çoxunun təzədən köhnə vərdişinə qayıtdığını bildirdi. “Bunun üçün ən kiçik səbəb kifayətdir ki, insan köhnə əməlinə qayıtsın. İlkin də məhz həmin mərhələdə “ağ ölümə” təslim olub. İnsan əgər özü tərgitmək istəmirsə, illərlə də ona nəzarət olsa, yenə o öz vərdişinə qayıdacaq”
Narkotikanın qana işlədiyi üçün alışqanlığa səbəb olması iddiasını həkim Hacıyev qəbul etmir. “Narkotik maddələr, spirtin özü qana işləyir. Lakin qısa bir müddətdən sonra təkrar qəbul edilmədikdə, o qandan təmizlənir. Bu üzdən həkim bunun insan alışqanlığına səbəb olma fikrini əsassız sayır. Sadəcə insanın alışqanlığı onun psixoloji durumundan asılıdır”, - deyə o vurğuladı. ans