Əvəz Temirxan: "Belə qərara gəldik ki, yeni blokun rəsmi elan olunması seçkiyə çox yaxın vaxta təsadüf etsin"
28-07-2010
Xəbər verildiyi kimi Vətəndaş və İnkişaf Partiyası (VİP) və Liberal Partiyasının seçki bloku yaratmaq planları təxirə salınıb. Bu barədə VİP-in sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, blokun yaradılması ilə bağlı lazım olan hazırlıq işlərinə başlanılıb.
Xatırladaq ki, bu iki partiya və AXCP “Azadlıq” blokunda təmsil olunurdular. Bir müddət əvvəl AXCP-Müsavat seçki blokunun yaradılması haqqında verilən qərar blokun fəaliyyətinin dayandırılmasına səbəb oldu.
Mövzu ilə əlaqədar suallarımızı cavablandıran Azərbaycan Liberal Partiyasının (ALP) sədr əvəzi Əvəz Temirxan FaktXeber.com-a bildirdi: “Biz artıq seçki blokunu yaratmışıq amma onun rəsmən elan olunması təxirə salınır. Ümid edirik ki, seçki prosesi başlayanda bu blok da elan olunacaq. Çox düşünüb belə qərara gəldik ki, yeni blokun rəsmi elan olunması seçkiyə çox yaxın vaxta təsadüf etsin”.
Ə.Temirxan, yeni blokda kimlərin təmsil olunacağını zamanın ixtiyarına buraxdı: “Bu elə məsələdir ki, indidən nəsə demək çətindir. Ona görə də kimlərin bizimlə əməkdaşlıq edəcəyini zamanın ixtiyarına buraxırıq. Amma onu da deyim ki, blokun qapısı heç kimin üzünə bağlı olmayacaq. Biz demokratiya uğrunda mübarizə aparan hər bir təşkilatla əməkdaşlığa hazırıq”.
Yeni seçki blokunun adı nə olacaq – sualına cavab olaraq Ə.Temirxan bildirdi: “Ad üzərində hələlik müzakirələr gedir. Hətta bəzi təkliflər də var. Biz ümumi işi nəzərə alıb, o təklifləri mətbuata açıqlamırıq”.
AXCP-Müsavat birliyinə uğurlar arzulayan Ə.Temirxan əlavə etdi: “Biz AXCP ilə eyni blokda təmsil olunmuşuq. İndi onların yaratdıqları blok haqqında nəsə desəm oxucular qısqanclıqla qəbul edərlər. Ona görə də qoy hər kəs öz işi ilə məşğul olsun”.
Ümid edirəm ki, AXCP-Müsavat birliyi alınacaq – Ə.Temirxan qeyd etdi: “Bəzi hallarda bunun mümkünsüzlüyünü deyirlər, amma biz bu barədə danışmağı tez hesab edirik. Onu da zaman göstərəcək”.