Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi müharibə bəyanatı verdi
28-07-2010
“Ermənistan silahlı qüvvələri rəqibin istənilən hücumunun qarşısını almağa hazırdır”. Bu bəyanatla Ermənistanın İkinci kanalına müsahibə verən Ermənistanın Milli Təhlükəsiz Şurasının katibi Artur Baqdasaryan çıxış edib.
“Bizim silahlı qüvvələr döyüş hazırlığı vəziyyətindədir və rəqibin istənilən hücumunu dəf etməyə hazırdır”, - deyə o bildirib.
O həmçinin son vaxtlar tez-tez atəşkəsin pozulma hallarının qeydə alındığını da nəzərə çatdırıb: “Son vaxtlar baş verən hadisələr, xüsusilə də dünya ictimaiyyətinin mövqeyi, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair bəyanatları, Azərbaycan və Ermənistan prezidentlərinin son Sankt-Peterburq görüşü erməni tərəfinin tutduğu mövqenin başa düşüldüyünə dəlalət edir”.
Baqdasaryan qeyd edib ki, erməni ictimaiyyəti arasında ümumilikdə Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı narahatçılıq var. Təhlükəsizlik Şurası katibinin fikrincə bu, təəccüblü deyil, çünki, Ermənistan kifayət qədər mürəkkəb regionda yerləşir. Baqdasaryan bununla yanaşı məşhur atalar sözünü xatırladıb: “Sülh istəyirsənsə, müharibəyə hazırlaş”.
Xatırladaq ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu ötən həftə verdiyi bəyanatda bildirmişdi ki, Cənubi Qafqazda sakitliyin bərqərar olması ücün Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli təkzibedilməz faktdır və bu istiqamətdə uğursuz cəhdləri davam etdirmək yalnız Ermənistanın ziyanına işləyə bilər.
Eldar Sabiroğlunun sözlərinə görə, bunun başqa yolu yoxdur: “Ermənistan işğalının aradan qaldırılması nə qədər yubanacaqsa, bölgədə vəziyyət də bir o qədər mürəkkəb şəkil alacaq. İşğalçı siyasət Ermənistanın hakim dairələrinin şüurundan silinib getməyincə, münaqişənin həllində sülh variantı arxa planda dayanacaq. Öz torpaqlarını işğaldan azad etmək ücün hansısa məqbul yolu seçmək Azərbaycanın suveren hüququdur”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi bildirib.
“Baxmayaraq ki, Ermənistan regionda sülhün qorunması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamilanmasının tərəfdarıdır, biz hadisələrin istənilən inkişaf ssenarisinə hazır olmalıyıq”, - deyə Baqdasaryan əlavə edib.
Təhlükəsizlik Şurasının katibi həmçinin bildirib ki, Ermənistan Azərbaycan tərəfinin hərbi bəyanatlarına adət edib və rəsmi Bakıya kifayət qədər sərt cavab verib.
O əmin edib ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar öz axarı ilə davam edir.
Baqdasaryan son olaraq bildirib ki, Ermənistan ordunun döyüş qabiliyyətinin və ölkənin müdafiəsinin artırılması üçün bütün mümkün tədbirləri həyata keçirir.
Qeyd edək ki, Azərbaycanın müdafiə naziri Səfər Əbiyev dəfələrlə bəyan edib ki, bu gün Silahlı Qüvvələrimizin hər bir əsgəri, giziri, zabiti və generalı ali baş komandan, prezident İlham Əliyevin döyüş əmrini yerinə yetirməyə hazırdır. Nazir Azərbaycanın güclənən iqtisadi imkanları hesabına hərbi büdcənin ildən-ilə artdığını və ordunun döyüş qabiliyyətinin daha da yüksəldiyini bildirib.
Nazir bu gün Azərbaycanda mövcud olan hərbi potensialın istənilən anda qısa müddətdə bu vəzifəni icra etməyə imkan verdiyini qeyd edib: “Sadəcə olaraq biz istəmirik ki, hərbi yola əl ataq. Ancaq bu variant heç vaxt istisna olunmur”.
Eyni zamanda Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə çıxışlarında bəyan edib ki, biz hər an torpaqlarımızı işğalçılardan hərbi yolla azad etmək üçün hazır olmalıyıq. ans