Nurəddin Məmmədli: "İndiki məqamda DUİ-nin Müsavat-AXCP birliyində olması əlverişli deyil"
28-07-2010
“Partiyaların birliyində daha çox siyasi qurum təmsil olunanda diferensiallaşma çətinləşir və mübahisələr artır. Ona görə indiki məqamda Demokratiya Uğrunda İttifaqın da Müsavat - AXCP birliyində olması əlverişli deyil”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Nurəddin Məmmədli DUİ-nin AXCP - Müsavat seçki blokunda təmsilçiliyi məsələsinə münasibət bildirərkən deyib. Sədr müavini bildirib ki, hazırkı mərhələdə partiyalar arasında müzakirələr aparılır və nəticənin necə olacağı barədə konkret fikir söyləmək mümkün deyil: “Amma mənim mövqeyim belədir ki, hər hansı prosesə qatılan subyektlərin sayı artanda problem daha həlledilməz olur. Ona görə də ilkin mərhələdə iki partiyanın birliyinə nail olmaq lazımdır. Ondan sonra digər partiyaların da birləşməsi müzakirə oluna bilər. Bu mənim şəxsi mövqeyimdir”.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə APA-ya bildirib ki, partiyalar arasında müzakirələrin başlanmasının özü müsbət nəticə hesab olunmalıdır. O, hazırda seçki dairələri üzrə vahid namizəd irəli sürmək, seçki bloku yaratmaq istiqamətində müzakirələrin aparıldığını qeyd edib: “Biz Müsavat olaraq seçki blokunun yaranmasına və maksimum dərəcədə seçki dairələrindən müxalifət qüvvələrinin vahid namizədlərinin müdafiə olunmasına çalışacağıq. Bu müzakirələr başlayıb və intensiv davam edir. Biz öz namizədlərimizi müəyyən etmişik və DUİ ilə də bir sıra dairələr razılaşdırılıb. Bu dairələrdə öz mövqelərimizdə qalmaq niyyətindəyik. Eyni zamanda çalışacağıq ki, AXCP ilə seçki bloku yaradaq. Bunun üçün tərəflər hər cür ciddi kompromislərə hazır olmalıdır. Yəni namizədliklərini irəli sürmək istəyən şəxslərin və ya partiyaların siyasi iddiaları blokun yaranmasına maneçilik törətməməlidir”.
DUİ-də təmsil olunan Xalq Partiyasının nümayəndəsi, millət vəkili Pənah Hüseyn isə APA-ya açıqlamasında AXCP və Müsavatın birlik məsələsində DUİ-nin hər hansı mane yaradan tərəf kimi çıxış etməyəcəyini söyləyib. O, DUİ Sədrlər Şurasının AXCP-Müsavat birliyini dəstəklədiyini bildirib: “Əgər bu partiyaların yaradacağı seçki blokunda DUİ-nin də təmsil olunması ilə bağlı təklif olarsa, bunu reallaşdırmaq mümkündür. Amma DUİ özü bu məsələdə hər hansı iddia irəli sürmək fikrində deyil. İttifaq özü seçkilərə hazırlaşır, namizədlərini müəyyənləşdirib və bu namizədlərin bir hissəsini Müsavat Partiyası ilə razılaşdırıb. Bu razılaşma isə öz qüvvəsində qalacaq”.