Tapdıq Abbasın son addımı partiyadaxili narazılıqlara səbəb olub
28-07-2010
Dünən Müsavat Partiyasının Sədrlər Şurasının növbəti ənənəvi toplantısında partiya Məclisinin üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın Mətbuat Günündə mərhum prezident Heydər Əliyevin məzarına baş əyməsi və bundan sonra baş verən proseslər əsas müzakirə mövzusu olub.
Bu barədə qəzetimizə Sədrlər Şurasının üzvü, Müsavatın Sabunçu Rayon Təşkilatının sədri Rafiq İsmayıl məlumat verdi. Onun sözlərinə görə, Sədrlər Şurasının üzvləri - partiyanın rayon təşkilatlarının rəhbərləri T.Abbasın bu hərəkətə yol verdikdən sonra Müsavat Partiyasının sıralarında qalmasının mümkünsüzlüyünü bildiriblər. Sədrlər Şurasının üzvləri T.Abbasın partiyada saxlanılması, ona yalnız xəbərdarlıq edilməsi barədə Müsavat Divanının çıxardığı qərara etiraz ediblər. Şurada gedən müzakirələrin sonunda qurum adından partiya rəhbərliyi qarşısında tələb qoyulub. Sədrlər Şurası Tapdıq Abbasın məsələsinə Divanda yenidən baxılmasını və onun Müsavat Məclisindən kənarlaşdırılmasını tələb edirlər. Əks təqdirdə, RT sədrləri özləri istefa verəcəklərini və ya digər radikal addımlar atacaqlarını partiya rəhbərliyinə ünvanladıqları müraciətdə qeyd ediblər.