
Artıq bir ildir ki, məcburi köçkünlər işlətdiyi kommunal xidmətlərin bir hissəsini ödəməyə başlayıb. Bununla bağlı xüsusi kvota müəyyənləşib. Məsələn, qış aylarında adambaşına 45 m3, yay aylarında 25 m3, yaz və payız aylarında isə 35 m3 qazın pulu Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsi tərəfindən köçürülür. Ondan artıq işlədildikdə, vətəndaşın özü ödəməlidir.
Belə bir qərardan sonra «Azəriqaz» Səhmdar Cəmiyyəti hərəkətə keçib. Qurumun əməkdaşları məcburi köçkün ailələrinə artıq kommunal borclar yazmağa başlayıb. Doğrudur, onlarla digər vətəndaş kimi davranıb debitor borcları tələb edə bilmirlər. Sadəcə, ayda iki dəfə fantastik borc olan bildiriş vərəqələri ilə məcburi köçkünlərin qapısını döyürlər. Şuşa şəhərindən məcburi köçkün, hazırda Nəsimi rayon Topçubaşov küçəsində yaşayan Ziyafəddin Hacıyev «Azəriqaz»ın borc kağızı ilə təəccübləndirdiyi vətəndaşlardan biridir. Onun həyat yoldaşı Bəturə Hacıyev «Bizim Yol»a bildirdi ki, «Azəriqaz»dan onlara gələn bildirişlərə uyğun borclarını dəfələrlə ödəsələr də, idarədən pul silinmir: «Bundan əlavə «Qaçqınkom»un bizə düşən qaz pulunu ödəyib-ödəmədiymizə dair məlumat ala bilmirik. Bu haqda bizə məlumat versinlər, bilək nə qədərini «Qaçqınkom», nə qədərini biz ödəməliyik. Bu haqda qaz idarəsinə dəfələrlə müraciət etsək də, bildirirlər ki, həmin məlumat abonentlərə verilmir. Bəs, niyə iki ay ərzində 80 manat pul ödəyək. Ay tamam olmamış, yenə borcumuz olması barədə bildiriş gəlib. Bu pullar hardan yazılır?».
Bəturə xanımın bizə təqdim etdiyi qəbzlərə diqqət yetirək. Əlimizdə olan qəbzlərdə göstərilir ki, Hacıyev 08.06.2010-cu ildə «Kapital Bank» ASC Yasamal 2 ödəmə məntqəsində 40 manat qaz pulu borcu ödənilib. Növbəti ayda da Z.Hacıyev 05.07.2010-cu il tarixində «Azərpoçt» MMC-də daha 40 manat ödəmə aparıb. Həmin qəbzlərdə abonentin tam ödəniş apardığı, qalıq borcu qalmadığı göstərilir. Lakin iyul ayı tam yekunlaşmamış Hacıyevlər ailəsinə 20.07.2010 tarixində «Azəriqaz»dan növbəti bildirişi gəlib. Məlum olur ki, 15 gün ərzində 140 m3 qaz sərf olunub (hər m3 10 qəpikdir) və 14 manat ödəniş aparmalıdır, üstəlik də, 8 manat da qalıq borcu var. Həmin qəbzdə son ödəmə tarizi 08.07.2010 göstərilib. Lakin «Azərpoçt» 05.07.1 tarixində aparılan son ödəmədən qalıq borc barədə bir söz belə yoxdur. Beləliklə, 15 gün ərzində bir ailəyə 22 manat borc «yığılıb».
Bundan əlavə, belə belə aydın olur ki, «Qaçqınkom» tərəfindən heç bir ödənil aparılmayıb. Çünki sərfiyyat 140 m3 göstərildiyinə baxmayaraq, onun hamısının, yəni 14 manatı Hacıyevlər ailəsinin üzərinə yazılıb. Əgər orta adambaşına onun 30 m3-nun «Qaçqınkom» tərəfindən ödənildiyini nəzərə alsaq, «Azəriqaz»ın maxinasiyası üzə çıxır. Belə ki, ailədə 4 nəfər məcburi köçkün kimi qeydiyyatdadır. 30 m3 4 nəfərə vurduqda, 120 m3-un dövlət hesabına ödənildiyi məlum olur. Hacıyevlərlərin payına isə 60 m3, yəni 6 manat «Azəriqaz»a ödəmə qalır. Amma göründüyü kimi, 14 manatın hamısı ilə yanaşı, üstəlik 8 manat da naməlum borc peyda olub.
Bəturə xanım isə yay aylarında bu qədər qaz işlətməydiyini deyir: «Mən başa düşmürəm, onlar hansı qiymətlə hesablayır? May ayı üçün 69 manat 80 qəpik ödəmişik. Camaatı soyurlar. Son ödənişi aparandan bir həftə sonra yeni bildiriş gəlib ki, 22 manat borcunumuz var. Elə bir mən gecə-gündüz pul kəsirəm ki, qaz idərsinə borc ödəyim. Heç olmasa ayın tamam olmasını gözləmirlər. Qaz idarəsindən borcun haradan yarandığını müəyyələşdirmək istəsək də, bu haqda bizə heç bir məlumat vermirlər. Qapımızın ağzını kəsdirib dururlar ki, bu dəqiqə ödəyin. Bir-iki gün möhlət istəyirik, imkan vermirlər. Həmin dəqiqə qaz xəttinin vintlərini açıb, qazı küçə buraxmaqla kəsirlər. Bir neçə dəqiqədən sonra binaya qaz yığılmağa başlayır və iydən durmaq olmur. Belə hadisələr binalarda qaz partlayışlarına səbəb olur».
Məsələni aydınlaşdırmaq üçün «Azəriqaz»la əlaqə yaratmağa çalışsaq da, zənglərimizə cavab verən tapılmadı.
«Qaçqınkom»un mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov isə «Bizim Yol»a açıqlamasında bütün məcburi köçkünlərin kommunal xidmətlərinin ödənişlərinin hər ay vaxtında aparıldığını bildirdi: «Məcbur köçkün bu haqda məlumatı ala bilər. Biz tərəfdən heç bir problem yoxdur».
Onun sözlərinə görə, kommunal xidmətlərin pulları fərdi deyil, rayonlar üzrə ödənilir: «Yəni hər bir rayonda məcburi köçkünlərin sayına uyğun olaraq, vəsait ödənilir. Hacıyevlərin sənədləri qaydasındadırsa, sərf etdiyi qazın hamısının pulunu ödəməməlidir. Dövlət tərəfindən onlara verilən qazın pulu köçürülüb»
Vüsalə RÜSTƏMOVA/Bizim Yol