
Dünyada kölgə iqtisadiyyatının həcmi getdikcə genişlənir. Hazırda dünya iqtisadiyyatında onun çəkisi 35,5 faizə çatıb. Dünya Bankı bu günlərdə 151 ölkədə gizli iqtisadiyyatla bağlı hesabat açıqlayıb.
Bankın məlumatına görə, 1999-2007-ci illərdə aparılmış tədqiqatın nəticəsinə görə, bütün dünyada kölgə iqtisadiyyatının payı artmaqda davam edir və hazırda ÜDM-nin 35,5 faizi həddinə çatıb.
Ən az kölgə iqtisadiyyatı İsveçrədə (8,6 faiz), ABŞ-da (8,8 faiz), Avstriyada (9,8 faiz) və Lüksenburqda (9,9 faiz) qeydə alınıb. Ən çox qanunsuz iqtisadiyyat isə Gürcüstanda (70 faiz), Boliviyadada (68,1 faiz) və Azərbaycanda (63,3 faiz) müşahidə edilib. Qonşu Rusiyada bu göstərici 48,6 faiz təşkil edir. Şimal qonşumuz cədvəldə 130-cu yerdədir.
Bankın məlumatına görə, 151 ölkə arasında yalnız 11 ölkədə kölgə iqtisadiyyatının payı azalıb. «İqtisadi forum» jurnalının baş redaktoru Samir Əliyev Azərbaycanda 2007-ci ildə kölgə iqtisadiyyatının payının 63 faizdən daha yüksək olduğunu bildirdi. Ekspertin sözlərinə görə, kölgə iqtisadiyyatı özünü ÜDM-da qeyri-neft sektorunun payında daha çox göstərir: «2007-ci illərin statistikasına baxsaq, ümumi daxili məhsulda (ÜDM) qeyri-neft sektorunun payı cəmi 35 faizdir. Belə ki, həmin ildə ÜDM-də 26,8 milyardın 9,5 milyardı qeyri-neft sektorunun payına düşüb. Bu isə Ermənistan və Gürcüstanla müqayisədə həddən artıq aşağıdır. Belə çıxır ki, neft olmasaydı Azərbaycanda ÜDM 10 milyarda yaxın olardı. Bu, real deyil. Deməli, çox yüksək kölgə iqtisadiyyatı mövcuddur.
Əgər Dünya Bankının statistikası ilə götürsək, o zaman hər il ölkədə 17 milyard manatlıq qanunsuz dövriyyə mövcuddur. Bura daha çox ikiqat mühasibatlıq, vergidən yayınma məsələləri daxildir».
S.Əliyev həmçinin həm neft, həm də qeyri neft sektorunda dövriyyənin gizlədildiyini qeyd etdi: «Hazırda ölkə iqtisadiyyatı, əsasən, neft sektorunun üzərində qurulub. Bu sahə isə ictimaiyyətdən gizlədilir. Baymayaraq ki, Dövlət Neft Şirkəti
Azərbaycanda ən böyük şirkətdir, lakin hələ də auditdən keçməyib. Bunun səbəbi də ayıdn deyil». Baş redaktor onu da vurğuladı ki, korrupsiya da kölgə iqtisadiyyatının artmasında başlıca yerlərdən birini tutur.
Vüsalə RÜSTƏMOVA/Bizim Yol