Rusiya baş nazirinin köməkçisi qardaşının işlətdiyi restoranı Süleyman Mikayılovun əlindən Bakıya edilən bir zənglə alıb
26-07-2010
Azərbaycanın ən dilbər guşələrindən biri olan Yardımlıda bir neçə il bundan əvvəl baş vermiş hadisənin üzəri bu yaxınlarda açılıb. Nəzərinizə çatdıraq ki, sözügedən rayonda məşhur bir şəlalə var. Konkret olaraq adı olmayan, hamı tərəfindən Yardımlı şəlaləsi kimi tanınan bu su mənbəyi təbiətin ən yaxşı yerlərindən birində yerləşir. Elə buna görə də, ölkənin hər yerindən Cənub bölgəsinə gələnlər ilk olaraq bu gözə mənzərəni seyr etmək üçün oraya baş vururlar.
Lakin bir neçə il bundan əvvəl rayonun icra başçısı olmuş, hal hazırda Qaradağ rayonuna başçılıq edən Süleyman Mikayılov ərazinin əlverişli olduğunu və gəlir gətirə biləcəyini görüb, oranı ələ keçirməyə başlayır. Məlumatlarda deyilir ki, Yardımlının keçmiş icra başçısı bu məqsədlə orada fəaliyyət göstərən restoranının sahibi hədələyərək, onu oradan zorla çıxarıb. Hətta şəlalənin yerləşdiyi əraziyə kənar şəxslərin girməsini önləmək üçün oraya dəmir hasar belə çəkdirir. Bundan sonra isə pul qazanmaq məsələsi də arxa plana keçir. Məlum olur ki, Süleyman Mikayılov həmin obyekti yaxın adamları üçün nəzərdə tutub və oraya başqa şəxslərin girməsini isə qadağan edib. Hətta şəlalənin önünü kəsən dəmir darvazanın qarşısına polis postu da təşkil edərək, oranın mühafizə olunmasını tələb edir.
Lakin gözlənilmədən sürpriz hadisələr baş verir. Məlum olur ki, Yardımlı şəlaləsinin yaxınlığında yerləşən restoranı işlədən adamların əli həddindən artıq uzun imiş. Daha doğrusu isə bu əl o qədər uzunmuş ki, ölkə hüdudlarını belə aşa bilirmiş. Bir qədər də ətraflı izahat verərək bildirək ki, həmin restoranı işlədən şəxsin qardaşı Rusiyanın baş naziri Vladimir Putinin köməkçisi vəzifəsində çalışırmış. Mərəkə də bundan sonra başlayır və Moskvadan Bakıya zəng gəlir.
Verilən məlumatlara görə, həmin şəxs vəziyyətin belə bir şəkil almasından sonra Moskvada ali yerlərdə çalışan qardaşına zəng edir. Ondan proseslərə müdaxilə etməsini xahiş edir və ailənin dolandırılması üçün həmin obyektin geri alınmasını istəyir. Mənbə bu zəngin ardından sözügedən şəxsin imkan tapan kimi, Putinlə məsələ barədə danışır və ondan bu işdə yardım istəyir. Qısa müddət ərzində işə qarışan Rusiyanın baş naziri problemi yoluna qoyur.
Məlumatlarda qeyd olunur ki, Moskvadan edilən telefon zəngindən sonra Yardımlının keçmiş icra başçısı Süleyman Mikayılov Bakıya çağrılır. Ciddi şəkildə tənbeh olunan icra başçısına tapşırılır ki, bir daha bu cür risqli bölgələrə ayağını belə qoymasın. Həmçinin o da xəbərdarlıq edilir ki, yaxın vaxtlarda vəzifəsi dəyişdiriləcək və onu başqa rayona göndərəcəklər. Elə gözlənildiyi kimi də olur və Mikayılovu əvvəlcə Lənkərana, ardından da Qaradağa icra başçısı təyin edirlər.
Qeyd edilir ki, bu hadisədən sonra Süleyman Mikayılov səhvini düzəltmək üçün Yardımlı şəlaləsini işlədən şəxsə baş çəkərək, ondan üzürxahlıq belə edib. Qarşı tərəf də onun qapısına gəldiyi üçün icra başçısını xoş qarşılayaraq, yaxşı bir qonaqlıq verərək, yola salır. Ancaq bu hadisədən sonra Mikayılov bir daha oralara üz tutmur.
Bildirək ki, Rusiyada Putinin köməkçisi işləyən həmyerlimizin kimliyini araşdırmaq üçün bir müddət araşdırma apardıq. Bir neçə mənbədən apardığımız araşdırma nəticəsində məlum oldu ki, həqiqətən də Rusiya baş nazirinin köməkçilərindən biri əslən Yardımlı rayonundandır. Uzun müddət KQB sistemində işləmiş həmin şəxs SSRİ dağıldıqdan sonra da Moskvada qalıb. Daha sonra isə bacarıqlı kadr olduğundan Putinin etimadını qazanıb və onun köməkçisi vəzifəsinə qədər yüksəlib. Ancaq bütün dəqiqləşdirmələrimizə rəğmən onun adını müəyyənləşdirə bilmədik. /"Nonsens" qəzeti/