Pənah Hüseyn: "Korrupsiyanın bu qədər geniş yayılması acınacaqlı və təəssüf doğurandır"
26-07-2010
May ayında Kür çayı boyunca sel basmış kəndlərdə yaşayan camaatın ərzaqla təminatında ciddi problemlər yaranıb. Əhalinin ərzaq təminatı ilə bağlı qalmaqallı məlumatlar ortaya çıxır. Bu günlərdə “Azadlıq” qəzeti Sabirabadın Ulacalı kəndində sel qaçqınlarına verilməsi nəzərdə tutulan və məktəb ərazisində saxlanılan 6 ton ərzağın (duru yağ, qənd, çay, un və s.) oğurlandığı barədə məlumat yayıb.
Deyilənə görə, ittiham olunanlar arasında kənd icra nümayəndəsi Nazim Gözəlov, Ulacalı kənd orta məktəbinin direktoru Rəşid Mikayılov, onun kürəkəni, bədən tərbiyəsi müəllimi Müşfiq Alıyev, rayon təhsil şöbəsinin həmin kənddən olan mühasibi Nüsrət Ağayev və kənd bələdiyyəsinin sədri Azad Mikayılov var.
Qəzetin yazdığına görə, əslində məsələnin kökündə fövqəladə hallar naziri Kəmaləddin Heydərovla baş nazirin müavini Abid Şərifov arasında gedən “ərzaq savaşı” dayanır. Belə ki, sel qaçqınlarına ərzaq paylanılması birbaşa Abid Şərifovun kurasiyasındadır. Qəzet yazır: “Fövqəladə Hallar Nazirliyi (FHN) bu məsələdə icraçıdır. Lakin Kəmaləddin Heydərov ərzaq paylanılmasını tam olaraq nəzarətinə götürmək istəyir. Ona görə də ara-sıra bu məsələdə problemlər yaranır”.
Ərzağın oğurlanmasına gəldikdə, qəzetin yazdığına görə, ərzağı əhaliyə FHN-in əməkdaşları paylayırmış: “Lakin bu dəfə nazirliyin əməkdaşları ərzağın əhali arasında bölüşdürülməsini yerli rəhbərliyə tapşırıb. Bir neçə gündən sonra isə FHN-in əməkdaşları yoxlama aparmağa gəliblər və məlum olub ki, ərzaqdan 6 ton oğurlanıb”.
Qəzetin versiyasına görə, xırda dövlət qulluqçularının özbaşına iri oğurluq əməliyyatına qol qoymaları ağlabatan deyil: “Bu adamlar kimlərlə işbirliyinə gediblər? Ilk ağla gələn FHN-dir. Çünki sözügedən nazirlik bu məsələdə icraçı qurumdur. Ərzağı Nazirlər Kabineti ayırsa da, bölüşdürülməsini bu qurum həyata keçirir. Bölüşdürmə zamanı ərzağın hər qramının haqq-hesabı aparılır. Yəni K.Heydərov istəməsə, heç kim sel qaçqınları üçün ayrılan ərzaqdan bir qram belə oğurlamağa cəsarət edə bilməz”.
Sabirabaddan seçilmiş millət vəkili Pənah Hüseyn isə “Yeni Müsavat”a açıqlamasında bu barədə məlumatlı olmadığını bildirdi: “Fəlakət zonasında əhali üçün nəzərdə tutulan ərzağın mənimsənilməsi ortadadırsa, buna heç bir bəraət qazandırmaq olmaz. Amma əlbəttə ki, belə hal baş veribsə həmin insanlar bizə müraciət edə bilər. Hər bir halda korrupsiyanın bu qədər geniş yayılması acınacaqlı və təəssüf doğurucudur”.
P.Hüseynin sözlərinə görə, Sabirabadın Qasımbəyli, Əsgərbəyli, Saatlının Novruzlu kəndlərində vəziyyət gərgin olaraq qalır: “Bu kəndlərdə yerləşən evlərdən bu günə kimi su çəkilməyib. Bununla bağlı heç bir iş görülməyib”.