Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin həbs edilməsi barədə xəbərlər yayılıb. Redaksiyamıza daxil olan xəbərlərdə bank prezidentinin həbsinin təfərrüatları açıqlanmasa da israrla onun barəsində həbs-qətimkan tədbirinin seçildiyi deyilir. Dünən bu xəbərlərə aydınlıq gətirilməsi üçün Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevi aradıq. Xidmət rəhbərinin iş və mobil telefonuna etdiyimiz davamlı zənglər cavabsız qaldı. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirdi ki, yayılmış xəbərlər barədə Baş Prokurorluqda hər hansı bir məlumat yoxdur. Xidmət rəhbəri bunu şayiə adlandırdı. (Yeni Müsavat)
24-07-2010
Milli Təhlükəsizlik Nazirliyi ictimaiyyətlə əlaqələr mərkəzinin rəhbəri Arif Babayev məsələ ilə bağlı sorğumuza cavab olaraq bildirdi ki, təmsil etdiyi qurumun əməkdaşları Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevi saxlamayıblar.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov təmsil etdiyi qurumda bu barədə hər hansı bir məlumatın olmadığını bildirdi.
Qeyd edək ki, iyulun 20-də bankın səhmdarlarının yığıncağı keçirilməli və bankın prezidenti Cahangir Hacıyevlə bağlı yekun qərar verilməli idi. İndi məlum olur ki, belə bir yığıncaq keçirilib, amma kiçik səhm paketlərinə malik səhmdarların həmin toplantıda iştirakına maneələr yaradılıb. Bununla bağlı səhmdarlar akt tərtib ediblər və yaxın vaxtlarda məhkəməyə müraciət etmək fikrindədirlər. İyulun 20-də keçirilən yığıncağa maliyyə naziri Samir Şərifov sədrlik edib. Cahangir Hacıyevin seyrçi mövqe tutduğu bildirilən yığıncaqda üç məsələ müzakirə edilib. Qərar qəbul olunub ki, səhmdarlara dividentlərin rüblər üzrə verilməsi 2011-ci ilə kimi dayandırılsın və bundan sonra isə ildə 1 dəfə verilsin.
Digər bir maraqlı qərar isə Audit Komitəsinin üzvlərinin say tərkibinin 7 nəfərdən 5 nəfərə qədər azaldılmasıdır. Qeyd edək ki, 19 oktyabr 2009-cu il tarixli növbədənkənar Ümumi Yığıncaqda Beynəlxalq Bank ASC səhmdarlarının bankın menecmentinin işinə nəzarətin gücləndirilməsi üçün maliyyə nazirliyinin təklifi ilə Audit Komitəsi üzvlərinin sayı 3 nəfərdən 7 nəfərə qədər artırılmışdı. İndi isə bu say azaldılır. Nəticədə Audit Komitəsindən Cahangir Hacıyevə yaxın 2 kadr tutduğu vəzifədən uzaqlaşdırılır.
Məlumat üçün bildirək ki, bankın 50,2 faiz səhmi dövlətə məxsusdur. 49,8 faiz səhmin böyük hissəsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova və deputatlardan birinə məxsusdur. C.Hacıyevin özü isə bankın dəyəri 20 qəpik olan 1 milyon səhminə sahibdir. Onun digər şəxslərin adına rəsmiləşdirilmiş səhmlərinin olduğu da bildirilir. Ümumiyyətlə isə Beynəlxalq Bank Azərbaycanın bank bazarında əvəzsiz liderdir. Bu il aprelin 1-nə olan məlumata görə, ümumi bank aktivlərinin 43,7 faizi (5 mlrd. 257 mln. manat), kreditlərin 49,23 faizi (3 mlrd. 941mln. manat), depozitlərin 24,8 faizi (1 mlrd. 985 mln. manat), bütün bank sisteminin ümumi kapitalının 26,88 faizi (472,5 mln. manat) ona məxsus olub.
Məsələ ilə bağlı Beynəlxalq Bank rəsmilərini, o cümlədən Cahangir Hacıyevin özünü də dinləməyə hazırıq.