"Sovet agenti Türkiyə Parlamentində millət vəkili olub"
17-07-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Ermənistanda dərc olunan "Sobesednik Armenii" qəzeti, ortaya Soyuq Müharibə illərinə aid maraqlı bir iddia atıb. İddialara görə, Sovet hərbi kəşfiyyatı QRU bir erməni mənşəli agentini Türkiyə Böyük Millət Məclisinə (TBMM) başqa adla daxil edib. Türkiyə kəşfiyyatı hadisədən xəbər tutduqda isə, erməni agent Araz çayından keçərək SSRİ-yə qaçıb.
"Erməni kəşfiyyatçısı Türkiyə Parlamentinin üzvü" başlıqlı xəbərdə, hadisələrin 20-ci əsrin ortalarında baş verdiyi bildirilir. Qəzet, hadisənin nağıl olmadığına da işarə edərək, "Bu yazıdan sonra bəzi ölkələrin kəşfiyyat idarələri faktın yalan olduğunu iddia edə bilər, amma həqiqət, həqiqət olaraq qalır: Həmin dövrün məşhur türk siyasətçisi, məclis üzvü Mahmud Şevket əslində Sovet ordusu kəşfiyyatı QRU-nun Smbat Hodjoyan adlı agenti idi. Biz bu yazımızda onun həqiqi adının əvəzinə Mahmud Şevket deyə başqa ad istifadə etmək məcburiyyətindəyik. Agent Hodjoyan uzun illər Türkiyə məclisinin məşhur üzvü kimi rolunu müvəffəqiyyətlə yerinə yetirə bilmişdi. Aydındır ki, həm Türkiyə, həm də Rusiya hələ uzun müddən dünya kəşfiyyatı təcrübəsində bənzəri olmayan bu hadisəni xatırlamaq istəməyəcək" - deyə yazır.
Hadisələr xəbərdə film kimi belə izah edilir: "QRU agenti Hodjoyan Ermənistanın İcevan bölgəsində yaşayırdı. Türk dilini yaxşı bilirdi və bəzi işlər üçün dəfələrlə Ankaraya "göndərilmişdi". QRU-nun məşhur idarəçilərindən birinin Hodjayanı xidmətə çağırmasına qəzet belə toxunub: "Smbat Ambartsumoviç işlərinizi çox müsbət dəyərləndiririk. Sizi yenə Ankaraya göndəririk, amma bu səfər naməlum bir müddətə göndəririk. Məsələ belədir: İqtidardakı Türk partiyasının məşhur üzvü və millət vəkili Şevket (qəzetin istifadə etdiyi ad) sizə çox bənzəyir. Eynilə bir suyun iki damlası kimi. Yalnız xarici görünüşcə deyil, eyni zamanda da səsiniz də oxşayır. Siz onu izləyəcəksiniz: vasvasılıqla xasiyyətlərini, iş prinsipini, dostlarını, qohumlarını və dost-düşmənlərini öyrənəcəksiniz. Bir sözlə hər şeyi. Şevketin ciddi səhhət problemləri var. Yaxın zamanda öləcək, amma bunu kimsə bilməyəcək. Siz Smbat Ambartsumoviç məclisdə onun yerinə keçəcəksiniz. Siz onun yoldaşları və ailəsi üçün Şevket olacaqsınız. Bir həftə sonra sizi Türkiyəyə göndərəcəyik. Müvəffəqiyyətlər diləyirəm!"
Aradan üç il keçir və bu zaman ərzində Hodjoyan Şevketi izləyərək bütün davranışlarını, yemək yeməsini, yatmasını, qalxmasını və ümumiyyətlə hər şeyini öyrənir. Hətta texniki işçi kimi bir neçə dəfə Türkiyə məclisinin binasına da girib. Şevketin məclisdəki çıxışlarını qeydə alaraq, gecə gündüz üzərində işləyib, danışıq tərzini öyrənir. Tam hazır olduqdan sonra Moskvaya şifrə göndərir: "Hazıram."
Erməni əsilli agent "millət vəkili" siyasətçi "Şevket" rolunu müvəffəqiyyətlə oynayır və heç kəsin ağılına belə gəlmir. Sovet agenti mövqe etibarilə Moskvaya çox qiymətli gizli məlumatlar ötürür. Xəbərə görə, agent Hodjoyan əsl Şevketin arvadını aldada bilmir. QRU Şevketin erməni mənşəli bir Türk vətəndaşı olan yoldaşını öz tərəfinə çəkməyi bacarmışdı.
Lakin nəhayət Türkiyə kəşfiyyatı Hodjoyandan şübhələnir. Xəbərdəki iddialara görə, türkiyəli səlahiyyətlilər alçalmamaq üçün agentin fotoşəkilləriylə geniş şəkildə axtarılmasına qarşı çıxıb. QRU öz agentini Avropaya qaçırmağı düşünürmüş. Nəhayət, Hodjonyan özü sərhəd sayılan Araz çayını keçməyə qərar verir. Türk əsgərləri sərhəddə onu görərək atəş açır. Agent, suyun altında 15 saat qalaraq qamışla nəfəs alaraq həyatda qalmağı bacarır. Və gecə saatlarında da Sovet tərəfinə keçir.
1984-cü ildə ölən agent Hodjoyan hərbi mərasimlə İrəvanda basdırılır. Xəbərdə həqiqi Şevketin ortadan necə itdiyi isə yazılmır. Yalnız QRU rəsmisinin agent Hodjonyana yeni vəzifə verərkən, "Şevketin ciddi səhhət problemləri var. Yaxın zamanda öləcək, amma bunu kimsə bilməyəcək" sözləri var.