Tural Abbaslı: "Keçmişinə hörmət etməyən insan, ən yaxşı halda Avropanın və ABŞ-ın pis "kopya"sı olacaq"
13-07-2010
Xəbər verdiyimiz kimi bir neçə gün əvvəl gənclər təşkilatları arasında debat keçirilib. Debatda Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı ilə “Dalğa” Gənclər Hərəkatının həmtəsisçisi Ramin Hacılı arasında xoşagəlməz hallar baş verib. Debatın əsas mövzusu “Hillari Klintonun Azərbaycana səfəri” olsa da tərəflər bir-birlərini müxtəlif məqamlarda ittiham edib, münasibəti kəskin həddə çatdırıblar. Daha çox milli dəyərləri əsas tutan Tural Abbaslı FaktXeber.com-a açıqlama verərkən bildirdi ki, debatın əsas mövzusu Klintonun Azərbaycana gəlişi ilə bağlı idi: “Təkcə Ramin Hacılı deyil, ümumiyyətlə “Dalğa” Gənclər Hərəkatı ilə bir çox məsələlərdə dünya görüşümüz və siyasi baxışımız üst-üstə düşmür. Bu da, heç kimə sirr deyil. Müsavat Gənclər Təşkilatı olaraq həmişə öz ətrafımızda adət-ənənələrimizə, kökümüzə və milli mentalitetimizə bağlı gəncləri birləşdirmişik. Düşünmürük ki, kökümüz və tarixi irsimiz demokratiya və inkişafın qarşısını alır. Düşünmürük ki, bu gün Azərbaycanda iqtisadi, sosial və digər sahələrdə gerilik varsa, bu, adət-ənənlərimizlə bağlıdır. Əslində hesab edirik ki, bu, mövcud hakimiyyətin yarıtmaz siyasəti və korrupsionerliyindən irəli gəlir. Amma Ramin Hacılı kimi gənclər hər şeyin günahını Əliyev rejimində deyil, xalqın adət-ənənəsində görür. Biz onlarla heç zaman bu fikri bölüşməmişik. Yəqin ki, debatda baş verən hadisə bunun nəticəsi idi. İstəməzdik belə olsun. Çünki, ən azı özümüzü gənclərin önündə hiss ediriksə, bu, yaraşan hərəkət deyil. Eyni zamanda güman etmirəm ki, böyük bir hadisə baş verib. Onlar mövqelərini dəyişməsələr yəqin ki, sona qədər belə qalacağıq”.
Tural Abbaslının Ramin Hacılı kimi dərdi və azarı yoxdur. Bizim dəyərli məqsədimiz və siyasi hədəflərimiz var. Biz Yeni Azərbaycan Partiyası ilə mübarizə aparıb, xalqı ağ günə çıxarmağa çalışırıq – deyə bildirən müsahibimiz əlavə etdi: “Onlar özlərini mübariz kimi göstərməklə tam başqa məqsədlərə qulluq edirlər. Bu gün Azərbaycanda demokratiya yoxdursa, bunu insanların geyimində niyə axtarmalıdırlar? Yaxud iqtisadiyyat geriləyirsə, bunun səbəbini ailədə axtarmağın səbəbi nədir? Azərbaycan hökuməti təhsilin səviyyəsini düzgün formalaşdıra və insanlara keyfiyyətli təhsil verə bilmirsə, bunun günahını niyə gənclikdə, mentalitetdə və ailə quruluşunda axtarmalıyıq? Keçmişimizi söymək və inkar etməklə, özümüzü zahirən avropalıya oxşatmaqla guya hansısa uğur qazanacağıq? Bu gün keçmişinə bağlı olan və kifayət qədər inkişaf edən ölkələr var. Məsələn, yaponlar minillik adətlərini qoruyurlar və eyni zamanda dünyanın ən çox inkişaf etmiş ölkələrindən biridirlər. Əslində xarici görnüşümüzlə deyil, əməlimizlə özümüzü sübut etməyə çalışmalıyıq. Bir şəxs atasına hörmət edirsə, demokratik insan ola bilməz?”
T.Abbaslı qeyd etdi ki, Amerika və Avropada bəzi dairələr Azərbaycanı mühafizəkar gənclərdən qurtarıb, kor-koranə Makdonalds, Coca-Cola və Hollivuda vurğun gənclik formalaşdırıb, sonra da onlardan manqurt kimi istifadə etmək istəyirlər: “Belə düşüncəli insanların da ondan başqa nəsə düşündüyünü hesab etmirəm. Keçmişinə hörmət etməyən insan ən yaxşı halda Avropanın və ABŞ-ın pis “kopya”sı olacaq. Biz kökümüzdən qopmadan inkişaf etməyin tərəfdarıyıq. Düşünmürük ki, hansısa avropalı filosofun azərbaycanlıdan yüksək olduğunu deməklə, yaxud atalar sözlərimizi aşılamaq və adətlərimizi söyməklə nəyəsə, nail olacağıq. Bunlar ancaq şəxsi maraqlarına qulluq edir və Azərbaycanda keçmişi olmayan cəmiyyət formalaşdırmağa çalışırlar”.
Asim Mollazadənin ətrafındakı gənclərin bu istiqamətdə formalaşması kimlərin marağındadır – sualını T.Abbaslı belə şərh etdi: “Asim Mollazadənin hansı dairələrə qulluq etdiyini deyə bilməsəm də, hakimiyyətə xidmət etdiyi faktdır. Amma başa düşmürəm ki, gəncləri ətrafına yığıb Azərbaycana xas olmayan işlərlə məşğul olmaq nə dərəcə düzgündür. Hansı ailə razı olar ki, oğlu ya qızı gedib siqaret çəksin yaxud böyüyə hörmət etməsin və hərəkətlərini bilməsin? Avropanın özündə mühafizəkarlıq yüksək səviyyədədir. Bunlar Amerikanın və Avropanın texniki inkişafını mənimsəmək əvəzinə küçə adətlərini götürürlər. Amma sevindirici haldır ki, gənclər bər-bəzəyə aldanıb onların ardınca getsələr də tez bir zamanda iyrənc hədəflərini anlayıb, etdikləri əməldən peşman olaraq, geri çəkilirlər. Və musiqi ilə əylənməyi, içki içməyi və siqaret çəkməyi inkişaf hesab etmirlər”.
Biz həmişə yaxşı mənada nümunəvi olmağa çalışmışıq. İstəyirik ki, olduğumuz kimi görünək. Heç kim deyə bilməz ki, Müsavat Gənclər Təşkilatı haradasa dediyi sözə əməl etməyib. Düşünürəm ki, “Dalğa” kimi təşkilatlar uğursuzluğa düçar olacaqlar – T.Abbaslı vurğuladı: “70 il Kommunist Partiyası insanların qəlbində dinə və imana qarşı sevgini öldürə, bayramlarımızı əlimizdən ala və ailə quruluşumuzu dağıda bilmədiyi kimi bunlar da Azərbaycan gəncliyinə heç nə edə bilməyəcəklər”.
T.Abbaslı münaqişə zamanı heç bir xəsarət almadığını da bildirdi: “R.Hacılı əl-qol atdı, cavabını da aldı. Bizim dilimiz varsa, dilçəyimiz də var. Eyni zamanda arxasında dura bilmədiyimiz sözü demirik. Məlumat üçün deyim ki, mənim tərəfimdən polis bölməsinə yaxud hansısa hüquq mühafizə orqanına şikayət olmayacaq. Bu günə qədər heç kimin qabağından qaçmamışıq. Tək R.Hacılı yox, istənilən şəxslə sözümüzün arxasında durmağa hazırıq”.