AXC HAKİMİYYƏTİNİN SONUNU GƏTİRƏN DAHA BİR SİRR AÇILDI
Elçibəy hakimiyyətinin devrilməsində PKK-nın əli olub Türkiyənin Botaş şirkətinin keçmiş icraçı direktoru kürd terror təşkilatının BTC-nin istiqamətini necə dəyişdirdiyi haqda sensasion faktlardan danışdı
09-07-2010
Azərbaycanda 90-cı illərin əvvəllərində yaşanan siyasi xaosda və çevrilişlərdə xarici qüvvələrin və kəşfiyyatların rolu haqda çox danışılıb. Lakin bu dəfə üzə çıxır ki, Azərbaycanda milli hakimiyyətin devrilməsində təkcə xarici dövlətlər və kəşfiyyat xidmətləri deyil, eləcə də terror təşkilatlarından istifadə edilib. Türkiyədə gedən müzakirələr zamanı üzə çıxıb ki, vaxtilə Azərbaycanın Qərb şirkətləri ilə imzaladığı neft müqavilələrində şərtlərin dəyişdirilməsində və Bakı-Tiflis-Ceyhan boru kəmərinin istiqamətinin müəyyənləşdirilməsində PKK terror təşkilatından da istifadə edilib.
Bu fakt Türkiyədə PKK terrorçularının təhlükəsizlik qüvvələrinə qarşı artan hücumları fonunda üzə çıxıb. Baş nazir Rəcəb Tayyib Ərdoğan PKK-nın xarici qüvvələrin əlində alət olması haqda danışaraq deyib ki, vaxtilə bu təşkilat vasitəsilə BTC-nin İranla sərhədlərin yaxınlığından keçməsini əngəlləyən qüvvələr olub.
BTC-nin Türkiyədəki podratçısı BOTAŞ şirkətinin keçmiş icraçı direktoru Mete Göknel isə Ərdoğanın dediklərini təsdiqləyərək bunun necə baş verdiyini açıqlayıb. Göknel deyib ki, 1993-cü ildə BTC boru kəmərinin ortaqları olan şirkətlər, başda bp olmaqla, İstanbuldakı “Hilton” hotelində toplantı keçirərək kəmərin Türkiyə ərazisindən keçəcək hissəsinin istiqamətlərini müzakirə ediblər. Türkiyə tərəfi təklif etmişdi ki, kəmər daha qısa olması və xərclərin azaldılması baxımından İranla həmsərhəd Bingöl bölgəsindən keçsin. Bingöl bölgəsi kürdlərin yaşadığı bölgədir və orada PKK-çılar fəaliyyət göstərir. Göknel deyib ki, müzakirələrdən sonra toplantı iştirakçıları bölgəyə gedərək kəmərin keçəcəyi istiqamətlərdə araşdırma aparmaq qərarına gəliblər. Lakin bu zaman bp şirkətinin təmsilçisi əlində təcili teleqramla içəri daxil olub və Bingöldə PKK-çılarla təhlükəsizlik qüvvələri arasında güclü atışma olduğu barədə həyəcanla toplantı iştirakçılarına xəbər verib. Məlum olub ki, Bingöldə PKK-çılar silahsız əsgərləri daşıyan avtobusun qarşısını kəsərək 33 əsgəri şəhid ediblər. Ardınca bölgədə genişmiqyaslı əməliyyatlar başlayıb.
Bu xəbəri alan kimi bp nümayəndəsi “biz o bölgəyə gedə bilmərik”, deyib. “Mən hadisə barədə Ankaradan məlumat almaq istədim, məlum oldu ki, onlarda hələ xəbər yoxdur. Bu xəbərin belə qısa vaxtda bp-yə necə çatdığını da bilmədik. BTC-nin Bingöldən keçməsi barədə qərarı təhlükəsizlik qüvvələri ilə məsləhətləşmələr şəklində vermişdik. Bizə bildirmişdilər ki, bu bölgədə sakitlikdir və heç tapança atəşi də eşidən olmayıb. Lakin belə bir vaxtda PKK bölgədə qırğın törətdi”, - deyə, BOTAŞ-ın keçmiş direktoru bildirib.
Göknel deyib ki, çox kəskin mübahisələr və müzakirələr nəticəsində BTC-nin istiqaməti dəyişdirilib. Onun sözlərinə görə, Bingöl qətliamının ardınca sadəcə BTC-nin istiqaməti deyil, Elçibəy hakimiyyəti dövründə Qərb şirkətləri ilə əldə edilmiş neft razılaşmalarının şərtləri də dəyişdi. Qətliamdan qısa müddət sonra isə Azərbaycanda Elçibəy hakimiyyətdən devrildi. Keçmiş BOTAŞ direktoru qeyd edib ki, o vaxt BTC-nin həyata keçirilməsi şübhə altında qaldığı bir vaxtda ABŞ administrasiyası layihəni dəstəklədiyini açıqladı və bu açıqlama ilə birlikdə layihəyə cəlb olunan enerji şirkətlərinin də mövqeyi dəyişdi. Qeyd edək ki, PKK-nın Rusiya xüsusi xidmət orqanları da daxil olmaqla, bir çox ölkələrin kəşfiyyat xidmətləri tərəfindən dəstəkləndiyi haqda faktlar var. Bir çox Qərbi Avropa ölkələri PKK-nın fəaliyyətinə şərait yaradır və ondan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Eləcə də ABŞ xüsusi xidmət orqanlarının İraqın şimalında PKK-nı dəstəklədiyinə dair ciddi ittihamlar var idi. Kürd terror təşkilatının xaricdən himayə edilməsi onun tam zərərsizləşdirilməsinə imkan vermir. Bu təşkilatın Azərbaycandakı fəaliyyəti və rolu haqda da çox danışılıb. \Müsavat\