Ələkbər Məmmədov: "Çünki, Şərqə pəncərə rolunu məhz Bakı oynayır. Bundan əlavə Azərbaycan Qərbə meyllənən müsəlman ölkəsidir"
06-07-2010
“Rusiya Gürcüstanın münaqişə zonalarındakı qoşunlarını çıxarmalıdır” - bu sözləri iyulun 5-də Tiflisdə keçirdiyi mətbuat konfransında ABŞ dövlət katibi Hillari Klinton deyib. Klintonun fikirlərini şərh edən keçmiş hərbiçi,
“Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin” direktoru Ələkbər Məmmədov FaktXeber.com-a bildirdi: “İlk növbədə onu deməliyəm ki, dünyada ABŞ və Rusiya aparıcı dövlətlər sayılır. Çünki, hər iki ölkə nüvə silahı baxımından güclü dövlətlərdir. Eyni zamanda bu dövlətlər arasında mübahisəli məqamlar da az deyil. Son zamanlar isə Rusiyanın mövqeyi zəifləyib. Lakin Putin hakimiyyətə gəldikdən sonra nüfuzlu və güclü Rusiya yaratmaqda iddialı idi. Heç şübhəsiz belə bəyanatlar Qafqazda yaşayan kiçik xalqların taleyinə hesablanıb. Belə xalqlar Rusiyada quruluşun dəyişməyindən asılı olmayaraq, həmişə Moskva tərəfindən əziliblər. İndi isə bu xalqların daxilində oyanış və mübarizə etmək hissləri baş qaldırıb. Əlbəttə, Azərbaycan da daim şimal qonşusu tərəfindən işgəncələrə və haqsızlıqlara məruz qalıb. Amerika da fürsətdən istifadə edib, belə xalqlara dəstək rolunu oynamağa çalışır”.
Ekspert hesab edir ki, Rusiya regionda təsir imkanlarını saxlamaq üçün kiçik millətlər arasında münaqişələr yaradır: “Bu xalqlar ancaq Rusiyanın maraqlarına xidmət edərək müharibələr aparırlar. Ermənilərdən istifadə edib Azərbaycanı nəzarətdə saxlamaq planları bunu deməyə əsas verir”.
Əksər ölkələr və nüfuzlu beynəlxalq təşkilatlar Gürcüstanın tərəfindədir. Saakaşvili hakimiyyətə gələndən sonra demokratik islahatlar başlayıb. Hal-hazırda o sahədə müəyyən işlər aparılır. Amma müqayisə üçün Azərbaycan çox geridir – deyə, bildirən Ə.Məmmədov əlavə etdi: “Son zamanlar Azərbaycan Rusiya meylli siyasət aparır. Biz isə tarix boyu müşahidə etmişik ki, Rusiya həmişə Azərbaycanı parçalamaq siyasəti yürüdüb. Amerikaya gəldikdə, rəsmi Vaşinqton regionu əldən vermək istəmir. Gürcüstanla geniş əlaqələr yaratmağına baxmayaraq, Azərbaycana daha çox maraq göstərir. Çünki, Şərqə pəncərə rolunu məhz Bakı oynayır. Bundan əlavə Azərbaycan Qərbə meyllənən müsəlman ölkəsidir”.