“Freedom House” beynəlxalq insan haqları təşkilatı keçid dövründə olan dövlətlərlə bağlı yeni hesabat yayıb. Hesabatda Mərkəzi və Şərqi Avropa, o cümlədən keçmiş sovet ölkələrində 2009-cu ildə demokratik idarəçiliyin vəziyyəti qiymətləndirilib. “Azadlıq” radiosunun məlumatına görə, hesabatda göstərilir ki, Baltik respublikalarını çıxandan sonra 12 keçmiş sovet respublikalarından 8-də mərkəzləşmiş avtoritar rejim hökm sürür: “Bu ölkələrdə insan hüquqları, demokratik normalar, qanunun aliliyi yoxdur. Ermənistan və Moldovada yarımmərkəzləşmiş avtoritar rejim hökm sürür, Gürcüstan və Ukraynada isə keçid sistemləridir. 2009-cu ildə insan hüquqları və demokratiyanın durumu sahəsində keçmiş sovet respublikalarının əksəriyyətində vəziyyət daha da pisləşib”.
Hesabatın Azərbaycana aid hissəsində deyilir ki, iqtisadi nailiyyətlər ölkə daxilindəki demokratik inkişafla müşayiət olunmur: “2009-cu ildə Azərbaycanda insan hüquqları və demokratiya sahəsində vəziyyətin pisləşməsi davam edib”.
Sənəddə əvvəlki illərə nisbətən hər sahə üzrə yaxşılaşma və pisləşmə üzrə reytinq cədvəlinin hamısında Azərbaycanın adı geriləmələrdə çəkilir. Ölkənin mülki cəmiyyət, milli demokratik idarəçilik, yerli səviyyədə demokratik idarəçilik sahələrində, məhkəmə sistemi və məhkəmələrin müstəqilliyi ilə bağlı gerilədiyi vurğulanır./Mediaforum















