Dünən redaksiyamızın "Qaynar xətt"inə olduqca maraqlı və ilginc bir məlumat daxil olub. Məlumatı verən şəxs adını bildirməsə də, verdiyi informasiyada heç bir yanlışın olmadığını söylədi.
Onun bildirdiyinə görə, aprel ayının 30-da Günəşlidəki tikintisi dayandırılmış Fatimeyi Zəhra məscidinin sökülməsi ilə bağlı Ali Məhkəmənin verdiyi qərardan sonra, həmin gecə, yəni may ayının 1-də sübh namazına yaxın Ali Məhkəmənin giriş qapısı içəri tərəfindən yanmağa başlayıb. Yanğın daha sonra otqalara keçib və böyük bir yanğın baş verib. Bir neçə otağın yanar konstruksiyaları yanaraq külə dönüb. Hadisə yerinə gələn FHN-nin 3 yanğınsöndürmə maşını və əməkdaşları çətinliklə də olsa yanğının qarşısını alıblar.
Hadisədən sonra ölkədə fəaliyyət göstərən əsas xəbər agentliklərinə və gecə növbəsində olan mətbu orqanlara hadisəylə bağlı məlumat yaymamaq göstərişi verilib.
Hadisənin baş vermə səbəbi isə məlum olmayıb.
Məsələni dəqiqləşdirmək üçün FHN-nin rəsmi saytının 30 aprel - 1 may tarixli xəbər arxivinə müraciət etsək də, bu barədə heç bir rəsmi məlumata rast gəlmədik.