AXCP-nin Sabirabad şöbəsindən Tofiq Zeynallıya bölmədə şəxsən Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev fiziki təzyiq edib
19-06-2010
Azadlıq” blokunun paytaxtın mərkəzində sanksiyalaşdırılmamış mitinqə cəhdi zamanı saxlanaraq Səbail Rayon Polis İdarəsinin 8-ci bölməsinə aparılan AXCP Ali Məclisinin sədr müavini Gözəl Bayramlı “Media forum” saytına telefonla açıqlama verib: “Bu bölməyə 72 nəfər aksiyaçı gətirilib. Polis əməkdaşları aksiyaçılarla kobud rəftar edirlər. AXCP-nin Sabirabad şöbəsindən Tofiq Zeynallıya bölmədə şəxsən Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, general-mayor Yaşar Əliyev fiziki təzyiq edib”. Gözəl Bayramlı əlavə edib ki, 8-ci bölməyə gətirilən bir neçə aksiyaçını izahat aldıqdan sonra buraxıblar: “Bölmədə qalan aksiyaçıları da bir-bir çağırıb izahat alırılar”.
“Azadlıq” blokuna daxil olan partiyalar iyunun 19-u Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında mitinqə cəhd göstəriblər. Polis əsas şüarları azad parlament seçkisinin keçirilməsi üçün seçki komissiyalarının paritet əsasda təşkili, siyasi məhbusların azadlığa buraxılması, sərbəst toplaşmaq azadlığına məhdudiyyətlərin aradan qaldırılması olan aksiyaya imkan verməyib.
Aksiya sona yetdi. Həbs edilənlərin bir hissəsi 8-ci, bir hissəsi isə 9-cu polis bölmələrinə aparılıblar. AXCP sədrinin köməkçisi Faiq Əmirovun musavat.com-a verdiyi məlumata görə, ümumilikdə 80 nəfər həbs olunub.Onlardan 62 nəfəri 8-ci polis bölməsində, 9 nəfər 39-cu polis bölməsində, 9 nəfər isə 9-cu polis bölməsindədir/