Bakıya məcburi eniş edən təyyarəyə mütəxəssislər baxış keçirir
Təyyarənin nə vaxt havaya qalxacağı məlum deyil
11-03-2010
Bakının Heydər Əliyev adına Beynəlxalq Hava limanına məcburi eniş edən “Brüssel-Bakı-Qəndahar” reysi ilə uçan təyyarəyə hazırda Belçikadan gələn mütəxəssis heyəti baxış keçirir. Bu barədə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli məlumat verib. Onun sözlərinə görə, təyyarənin məxsus olduğu Belçikanın “Barqo Alfa Foks” şirkətinin mütəxəssisləri Bakıya martın 10-da gəliblər.
"Hazırda təyyarəyə baxış davam edir və hərbi təyyarənin mühərrikində yaranmış nasazlığın nə səbəbdən baş verməsi araşdırılır. Təyyarənin nə vaxt uçuşa hazır olacağı da hələlik bilinmir", deyə M. Səfəli bildirib.
Qeyd edək ki, “Brüssel-Bakı-Qəndahar” reysi ilə uçan "Charlie-130" tipli təyyarə martın 9-u saat 9: 50-də Heydər Əliyev Beynəlxalq Hava Limanında yanacaq dolduraraq havaya qalxıb. Amma Türkmənistan hava məkanında hava gəmisinin kapitanı ikinci mühərrikdə yanğın baş verdiyini ehtimal edib. Dərhal həyəcan siqnalı verilib və Heydər Əliyev Hava Limanına eniş etmək üçün icazə istənilib və təyyarənin Azərbaycanın hava limanına məcburi eniş etməsi üçün hər cür şərait yaradılıb.
Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına saat 11: 06 -da eniş edib. Hadisə zamanı təyyarədə 14 sərnişin və 9 ekipaj üzvü olub.