Qoran Lenmarker: "Qarabağ münaqişəsinin həlli ilk növbədə Ermənistan və erməni xalqının təhlükəsizliyini təmin etməlidir"
11-03-2010
"Dağlıq Qarabağ münaqişəsinin həlli mümkündür, çünki o, dondurulmayıb". APA-nın “Panarmenian”a istinadən verdiyi məlumata görə, bunu ATƏT Parlament Assambleyasının Dağlıq Qarabağ və Gürcüstandakı münaqişələr üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker NATO Parlament Assambleyasının Ermənistanda keçirilən 73-cü “Rose Roth” seminarında çıxışında deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bölgənin xaricində deyil, daxilindədir: “Xarici qüvvələr yalnız tərəflərə kömək edə bilər. Minsk Qrupu münaqişənin həll olunacağı yeganə meydançadır və bu meydançanın dəyişdirilməsinə, problemi BMT və ya Avropa Şurası müstəvisinə çıxarmağa yönəlmiş istənilən cəhdlər yalnız münaqişənin həllini uzada bilər”.
Q. Lenmarkerin fikrincə, elə bir həll müəyyənləşdirilməlidir ki, bütün tərəflər üçün qəbuledilən olsun: “Məncə, münaqişənin həlli ilk növbədə Ermənistan və erməni xalqının təhlükəsizliyini təmin etməlidir. Azərbaycan bunu anlamalıdır. Lakin Ermənistan da özünü münaqişənin qurbanı və uduzmuş tərəfi sayan Azərbaycanın mövqeyini anlamalıdır”.
Xüsusi nümayəndə bəyan edib ki, münaqişənin həlli tapılıb, çox ətraflı müzakirə olunub və tərəflərin atacağı çox az addım qalıb: “İndi münaqişənin həlli məsələsi daha çox siyasi səviyyədədir və tərəflər öz daxilindəki müzakirələrə hazır olmalıdır”.
Q. Lenmarker İrəvanda problemin həlli yönündə siyasi iradə gördüyünü vurğulayaraq ümid etdiyini bildirib ki, Bakı da bu cür hazırlıq nümayiş etdirəcək: “Hazırda ən vacib məsələ Qarabağ münaqişəsini tezliklə həll etməkdir. Münaqişənin yaxın və ya uzaq gələcəkdə həllindən deyil, yalnız tezliklə həllindən söhbət gedə bilər”.