"Konqresin qərarı Qarabağ münaqişəsinə də təsir edəcək"
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov belə deyib
11-03-2010
"Amerika Birləşmiş Ştatlarının Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən qərar Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilər". ANS PRESS-in məlumatına görə, jurnalistlərə açıqlama verən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov belə deyib. Konqresin qərarını düzgün hesab etməyən nazir qeyd edib ki, Konqres eyni məntiqlə 20 il bundan əvvəl baş verən Xocalı soyqırımına da münasibət bildirməlidir.
"Hansısa Konqres üzvəri 100 il bundan əvvəl olan məsələni müzakirə edirlərsə, 20 il bundan əvvəl baş verən Xocalı hadisəsinə də qiymət verməlidirlər. Bu kimi qərarlar Azərbaycanla Ermənistan arasında sülh və stabilliyə gətirib çıxara bilməz", deyə E. Məmmədyarov qeyd edib.
Xarici işlər nazirinin sözlərinə görə, Konqres birtərəfli qətnamə qəbul edib.
"Çünki hazırda Ermənistan Azərbaycanın 20 faizini işğal edib və Azərbaycanın 1 milyondan çox qaçqını var. Bu, regionda təhlükəsizliyə ən böyük zərbədir. Ona görə də Konqresdə Cənubi Qafqazda sülh və stabillik məsələləri müzakirə olunursa, təkcə tarix yox, indiki vəziyyət də nəzərə alınmalıdır", deyə E. Məmmədyarov əlavə edib.
Xarici işlər naziri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün planlaşdırılması ilə bağlı suala cavabında isə bildirib ki, yaxın vaxtlarda İlham Əliyev və Serj Sarkisyanın görüşü gözlənilmir.