Müsavat Partiyası İlham Əliyevin istefasını tələb edib
Partiya mitinqlərə qərar verdi; Divan "Vaşinqton Post"un yazısı ilə bağlı israrla açıqlama tələb edir
11-03-2010
Dünən Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Qərarların icra vəziyyəti və görülən işlərə baxıldıqdan sonra partiyadaxili məsələlər müzakirə olunub.Partiyanın mətbuat xidmətindən FaktXeber.com-a daxil olan məlumata görə,iclasda “Vaşinqton Post” qəzetinin 05 mart 2010-cu il tarixli sayında Dubayda ölkə başçısının ailə üzvlərinin adına 44 milyon ABŞ dolları məbləğində mülk alınması haqda getmiş yazı ciddi müzakirə olunub. Bildirilib ki, həmin məqalə dərc olunandan dərhal sonra Müsavat Partiyası bəyanat verərək bu məsələ ilə bağlı izahat tələb etmişdi. İqtidar düşərgəsindən bu məsələ ilə bağlı yalnız Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun açıqlaması olub ki, həmin açıqlamada “Vaşinqton Post” qəzetində haqqında yazı getmiş fakt dolayısı ilə təsdiq edilsə də, adıçəkilən mülkün alınması üçün xərclənmiş pulların mənbəyi haqda heç nə bildirilmir. Müsavat Partiyası ölkə başçısı İlham Əliyevdən bu məsələyə aydınlıq gətirməsini, əks təqdirdə istefa verməsini tələb edir.
Müsavat deputat qrupuna həvalə edilib ki, hökumətin illik hesabatının Milli Məclisdə təqdim edilməsi ilə əlaqədar müzakirələrdə prinsipial mövqe ortaya qoyulsun və bu məsələ də qaldırılsın.
Divan etiraz mitinqi keçirmək haqqında yaxın günlərdə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmək haqqında qərar qəbul edib. Divan Füzuli və Ş.Bədəlbəyli küçələrindəki evlərin sökülməsi, buna görə əmlak sahiblərinə təzminat ödənilməməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamının açıq-aşkar saxtakarlığa və bu məqsədlə ayrılmış dövlət vəsaitinin mənimsənilməsinə şərait yaratdığını qeyd edərək sakinlərin əmlaklarının dəyərinin tam və ədalətli şəkildə ödənilməsini tələb edib. Müsavat deputat qrupunun məlumatı dinlənilib və bu məsələni diqqətdə saxlamaq qərara alınıb.
Yığıncağın sonunda müsavatçıların nəzərdə tutulan Novruz şənliyinin martın 19-da, saat 16:00-da partiyanın qərargahında keçirilməsi qərara alınıb.