Milli Məclisin sədri Oqtay Əsədov qudası, Binəqədi rayonunun icra başçısı Alı Qocayevin oğlu İlham Qocayevi işdən azad edib. Aydınlıq üçün bildirək ki, İlham Qocayev spikerin kürəkəninin qardaşıdır. Qeyd edək ki, İ.Qocayev Milli Məclis Aparatında məsul vəzifədə - qəbul şöbəsinin müdir müavini vəzifəsində çalışıb. Bir neçə gün öncə o, tutduğu vəzifəsindən azad edilib. Nəzərə çatdıraq ki, Alı Qocayevin mövqelərinin zəiflədilməsinə xeyli öncədən başlanılıb. Onun gözdən düşdüyü, barəsində xeyli kompromatlar toplandığı bildirilir.
Hələlik onun konkret olaraq hansı hərəkətinə görə nüfuzdan düşməsi bəlli deyil. Lakin fakt bundan ibarətdir ki, Binəqədi rayonunda A.Qocayevin vəzifələrə yerləşdirdiyi şəxslərin demək olar ki, hamısı işdən çıxarılıb. İki il öncə A.Qocayevin “krışalığı” altında fəaliyyət göstərən Rəsulzadə qəsəbəsinin bələdiyyə sədri Məcnun Əliyev isə həbs edildi. Həmin ərəfədə Alı Qocayevin də həbsi gözlənilirdi, onun məsuliyyətə cəlb edilməsi istiqamətində iş gedirdi. Lakin sonradan işə spiker Oqtay Əsədovun qarışdığı, bundan sonra Qocayevin həbsdən yayınmasının mümkün olduğu barədə iddialar var. Bizə çatdırılan bir məqamı da qeyd edək ki, A.Qocayevlə O.Əsədov quda olsalar da, onların isti münasibətləri yoxdur. Ona görə də A.Qocayevin həbsi məsələsi ortaya çıxanda xeyli müddət spikerin buna qarışmadığı, yalnız digər qohumların xahişindən sonra ona kömək etməyə razılıq verdiyi bildirilirdi. Həmçinin o da qeyd edilirdi ki, spiker bir daha Alı Qocayevlə bağlı məsələyə qarışmayacağını deyib...
2009-cu ilin bələdiyyə seçkiləri ərəfəsində A.Qocayevin mövqeləri bir az da zəiflədildi, onun adamları bələdiyyə sədri ola bilmədilər. Görünür, indi onunla bağlı məsələ qətiləşib.
Azərbaycanda bir qayda olaraq sıradan çıxarılması planlaşdırılan məmurların məsələsini mərhələ ilə həll edirlər. Öncə onun vəzifələrdə çalışan yaxınlarını işdən azad edir, ətrafını təmizləyib müqavimətsiz hala gətirir, ardınca biznesini sıradan çıxarır və ən nəhayətdə özünü işdən çıxarırlar. Bundan sonra hər hansı bir kiçik səhv buraxdığı təqdirdə isə onu həbsə atırlar.
Belə görünür ki, hazırda A.Qocayevin ətrafının təmizlənməsi prosesi başlayıb. Onun oğlunun işdən çıxarılması sadə məsələ hesab oluna bilməz. Ortada belə bir iddia da var ki, İlham Qocayevin işdən çıxarılması tələbi Alı Qocayevlə bağlı siyasi qərardan qaynaqlanır. Nə qədər soyuq münasibətləri olsa da, qudasının oğlunu işdən çıxarmaq spiker üçün uğurlu bir iş ola bilməzdi. Görünür, bu, spikerin iradəsindən asılı olmayan bir məsələdir.
Lakin bunun tam əksini iddia edən məlumatlar da var. Belə ki, guya i.Qocayev spikerlə qohumluq əlaqələrindən sui-istifadə edərək işə vaxtı-vaxtında gəlmirmiş, vəzifəsindən, spikerin adından şəxsi məqsədləri üçün istifadə edirmiş. Onu məhz bu hərəkətlərinə əsasən işdən qovublar.
İstənilən halda, baş verənlər sıradan bir hadisə deyil. Belə anlaşılır ki, Alı Qocayevin “qələmi” tam qırılıb və onun da icrası, bir növ yüksək dövlət vəzifəsində çalışan qohumuna həvalə edilib. Hörmətli Oqtay Əsədov öz yaxın qohumunu Milli Məclisə onu nə zamansa işdən qovmaq üçün götürməyib. Bu baş veribsə, artıq ortada Alı Qocayevdən bir şey qalmayıb demək olar. Belədə Binəqədinin İcra Hakimiyyətinin başçısının yaxın günlərdə dəyişdiriləcəyini iddia etmək mümkündür./Yeni Müsavat