Türkiyənin İstanbul şəhərinin bələdiyyə başqanı Kadir Topbaş 7,5 bal gücündə zəlzələ təhlükəsi ilə bağlı təcili tədbirlər görülməsinin zəruri olduğunu bildirib: "30 min insanımız həyatını itirəcək"
10-03-2010
İstanbul şəhər Bələdiyyəsinin sədri Kadir Topbaş 15 milyon insanın yaşadığı şəhərdə 7,5 bal gücündə zəlzələ təhlükəsi ilə bağlı təcili tədbirlər görülməsinin zəruri olduğunu bildirib. Kadir Topbaş deyib ki, İstanbul zəlzələsi Türkiyəni dağıdacaq və təcili olaraq seysmik təhlükəsizlik tədbirləri ilə bağlı xüsusi qanun qəbul edilməlidir.
FaktXeber.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bələdiyyə başqanı sözügedən məsələni baş nazir Ərdoğanla müzakirə edəcəyini açıqlayıb.
Kadir Topbaşın sözlərinə görə, 7,5 bal gücündə zəlzələ zamanı İstanbulda 10-30 min arası insan öləcək, 230 min insan xəsarət alacaq, 30 min nəfər ağır vəziyyətdə olmaqla, 60 min insan xəstəxanada yerləşdiriləcək. Bu təbii fəlakət zamanı 10 min tikili yer üzündən silinəcək, 550 min bina zərər görəcək, onların 200 mini gələcəkdə yaşamaq üçün yararsız olacaq. Nəticədə 528 min insan evsiz qalacaq. Bu zəlzələ İstanbula 53-66 milyard dollar ziyan vuracaq.