|
XİN-in məlumatında bildirilir ki, İraq ərazisində əvvəlki illərə nisbətən terror hücumlarının sayı azalsa da, ölkəyə səyahət etmək hələ də təhlükəlidir. Xüsusilə, Bağdad və onun şimal hissələrindən Mosul və Kərkükə qədər olan ərazilərə səyahətlər vacib olmadıqca təxirə salınmalıdır. Bunlardan başqa, Bəsrə, Maysan, Əl Anbar, Salah Əd Din, Diyala, Vasit, Babil, Nineva, Əl Qadisiyah, Mutanna, Nəcəf, Kərbəla, Di Qar əyalətlərinə edilən səyahətlər də təhlükəlidir.
Məlumatda həmçinin qeyd edilir ki, 28 yanvar 2010-cu ildə İraqda zəvvarları aparan avtomobilə atəş açılması nəticəsində bir Azərbaycan vətəndaşı həlak olub, ikisi isə yaralanıb.
Bundan əlavə, məlumatda ölkə ərazisində insanların girov götürülməsi və oğurlanması halları, eyni zamanda nəqliyyat vasitələrinə, insanların öz bədənlərinə və insanların sayının çox olduğu yerlərə yerləşdirilmiş partlayıcı maddələrin partladılması nəticəsində minlərlə insanın ölməsi və yaralanması faktları mövcud olduğu bildirilib.
XİN onu da qeyd edir ki, avtomobillə edilən səyahətlər də olduqca təhlükəlidir, xüsusilə Bağdad şəhəri və Bağdad Beynəlxalq Hava Limanı arasındakı yollarda tez-tez avtomobillərə hücumlar baş verir.
“İraq hökuməti İranla sərhəd olan Kella, Saranban-Qolle, Tayvella və Pərviz Xan sərhəd nöqtələrini bağlayıb. Küveytlə sərhəd məntəqələri olan Abdali və Safvan məntəqələri də qeyri-müəyyən müddətə bağlanıb”, - deyə XİN-in yaydığı bəyanatda vurğulanır.
Məlumatda bunlar nəzərə alınaraq, İraqa səfər etmək istəyən Azərbaycan vətəndaşlarının diqqətinə çatdırılır ki, bu ölkəyə səfər edən zaman yuxarıda qeyd edilən məsələləri nəzərə alsınlar və ehtiyatlı olsunlar.
İraqda daimi və müvəqqəti yaşayan Azərbaycan vətəndaşları qeyd edilən məsələlərlə bağlı hər-hansı problemlə qarşılaşdıqda, onlara daha asan yardım göstərilməsi üçün Əmman şəhərində yerləşən Azərbaycanın İordaniyadakı səfirliyi ilə əlaqə saxlamaları və konsulluq qeydiyyatına durmaları tövsiyə olunur.
XİN həmçinin xatırladır ki, bu qurum Azərbaycan vətəndaşlarının səyahəti zamanı baş verə biləcək hadisələrə görə heç bir məsuliyyət daşımır.
Qeyd edək ki, 2003-cü ildə İraqda müharibə başladıqdan sonra Qafqaz Müsəlmanları İdarəsi İraqda müsəlman ziyarətgahlarına - Kərbəla, Nəcəf, Samirə, Kəzimiyə, Kufə, Mədainə ziyarətlərin təşkilini dayandırıb. Bundan başqa, QMİ Səudiyyə Ərəbistanına Həcc ziyarətinin marşrutunu dəyişərək, avtobusları İraqdan yan keçməklə göndərir. Lakin qeyri-rəsmi məlumatlara görə, özəl şirkətlər tərəfindən hər il 300-400 Azərbaycan vətəndaşının İraqdakı ziyarətlərə səfəri təşkil edilir. TURAN
|