Bakı Qış bulvarının layihəsini naməlum memar hazırlayır
Füzuli küçəsində Heydər Əliyev sarayından Füzuli meydaına kimi binalar sürətlə uçurulur. Amma azad edilən ərazinin sonrakı istifadəsi üçün layihənin işlənməsi üzrə işlərin gedişi barədə məlumat yoxdur
10-03-2010
Burada yaşatış evləri və ticarət obyektlərini Bakı İcra Hakimiyyəti uçurur. Bakı ŞİH mətbuat katibi Nuranə Məmmədova Turan-a dedi ki, burada şəhərin baş planında nəzərdə tutulan xiyaban salınacaq. Amma onun sözlərinə görə, bu layihənin işlənməsi hələ heç kəsə həvalə edilməyib. Hərçənd o qeyd elədi ki, Şəhərsalma və Arxitektura Komitəsinə ayrı-ayrı memarlardan işçi layihələr daxil olur.
Şəhər rəhbərliyi Şəhərsalma və Arxitektura üzrə Dövlət Komitəsinə (ŞADK) də bu barədə xəsis məlumat verir. Beynəlxalq münasibətlər və informasiya şöbəsinin rəisi Cahangir Qocayev Turan-a dedi ki, bu barədə yazılı sorğuya cavab olaraq Bakının baş memarı Akif Abdullayev bildirdi ki, "layihə institutda işlənir və başa çatanda baxılmaq üçün ŞADK-a təqdim ediləcək". Hansı layihə institutundan söz getdiyi barədə Abdullayev məlumat verməyib.
Qeyd edək ki, bir sıra mütəxəssislər bu ərazinin yeraltı hisəsinin istifadə edilməsini tövsiyə edir. Onların fikrincə, orada bir neçə min avtomobillik yeraltı qaraj və pullu xidmət obyektləri tikmək olar. /TURAN