"Millinin oyunlarından sonra Avropa klublarına keçəcək futbolçularımızın sayı artacaq"
10-03-2010
"Millinin düşərgəsində olmaq çox xoşdur. Mən milli komandanı sevən bir insanam. Hansı klubda oynamağımdan asılı olmayaraq, həmişə milli komandanı daha üstün tutmuşam". Fanat.az xəbər verir ki, bu sözləri affavideo.az saytına müsahibəsində milli komandamızın və Hollandiyanın "Tvente" klubunun oyunçusu Vaqif Cavadov deyib.
"Biz kollektiv yox, bir ailə kimi formalaşımışq. Heç bir problemimiz yoxdur. Mən artıq "Qarabağ"ın oyunçusu deyiləm. Amma milli komandada 9 "Qarabağ"lının olması məni sevindirir. Buna baxmayaraq, komandada heç bir ayrı-seçkilik yoxdur ki, sən "Xəzər Lənkəran"ın, "Neftçi"nin, yoxsa "Qarabağ"ın oyunçususan. Ona görə ki, biz bir ailəyik", deyə Cavadov əlavə edib.
Vaqif millinin inkişaf etdiyini bildirib: "Ötən illə müqayisədə milli komandada inkişaf var. Mən deyərdim ki, bunun əsas səbəbi baş məşqçinin işidir".
"Avropada oynayan yeganə azərbaycanlı futbolçusan. Milli komandda öyrəndiklərinin orada sənə xeyiri dəyirmi" sualına futbolçunun cavabı belə olub: "Hər bir futbolçu millidə özü üçün nəsə yeni bir şey öyrənir. Amma öyrənmək gənclik illərində qaldı. İndi milliyə təcrübə toplamağa və stutukturuna uyğunlaşmağa gəlirik".
Futbolçumuz tezliklə yaşıl meydana dönəcəyini vurğulayıb: "Zədəmlə bağlı hər şey yaxşıdır. "Tvente"yə gedən kimi zədələnməyim məni çox üzdü. Əməliyyat uğurlu keçdi. İnşallah yaxın vaxtlarda ilk oyunuma da çıxacağam. Zədəli olduğum müddətdə AFFA rəhbərliyi, baş məşqçi və klubum mənə böyük dəstək oldu. Hamı dedi ki, tələsmə. Çünki bu futboldur və futbolda belə hallar olur".
"Tvente" ilə 3,5+1 illik müqavilə bağlamışam. İstəyim odur ki, müqaviləni layiqincə başa vurum", deyə Vaqif qeyd edib.
Cavadovun fikrincə, azərbaycanlı futbolçular Avropada oynayacaq səviyyədədir: "Futbolçularımız arasında Avropada oynamağa layiq oyunçular var. Mənə elə gəlir ki, ölkəmizdə 1-2 yox, bir çox futbolçu Avropa klublarında oynayacaq səviyyədədir. Bütün futbolçularımıza legioner həyatı yaşamağı arzu edirəm. Fikrimcə, milli komandamızın qarşıdakı oyunlarından sonra Avropa klublarına keçəcək futbolçularımızın sayı daha çox olacaq".