Dini ekspertlərə görə, İslam maariflənməsi işi zəiflədikcə bu təhlükələr artır
10-03-2010
Ötən sayımızda Azərbaycanda İslam əleyhinə müxtəlif dini cərəyanların fəaliyyəti haqda məlumat vermişdik. Bununla bağlı konkret faktlar açıqlamış və belə dini cərəyanlardan birinin - “Dua evi”nin fəaliyyət göstərdiyi məkandan reportaj təqdim etmişdik. Dünən məsələ ilə əlaqədar dini qurumların və ekspertlərin rəyini öyrənməyə çalışdıq. Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri, ilahiyyatçı alim Hacı İlqar İbrahimoğlunun fikrincə, bu istiqamətdə təhlükə o zaman meydana çıxır ki, ölkədə İslam maariflənməsi işinə əngəllər yaradılır: “Çünki bu kimi təbliğatların İslam qarşısında tab gətirmək gücü yoxdur. O səbəbdən çıxış yolu islami maarifçiliyi inkişaf etdirməkdədir ki, insanlarımız cürbəcür təbliğatların təsiri altına düşməsinlər. Anti-İslam təbliğatları tarixən olub və olacaq. Amma nəticə verməyib. Vətəndaşımız öz dinini tanımaq imkanında olarsa, şübhəsiz, belə problem də yaşanmaz. Amma İslam maarifinə məhdudiyyətlər qoyularsa, o zaman bu kimi işlərin mənfi nəticələri də ola bilər”.
Dini ekspert Elşad Miri həmin təriqətin Azərbaycanda fəaliyyətini təhlükəli hesab edir: “Əvvəlcə ”Yahova şahidləri" adlanan cəmiyyət Dini Komitədə qeydiyyatdan keçmişdi. Həmin cəmiyyəti məhkəməyə verib bağlatdırmaq istəyirdilər, lakin ABŞ-dan konqresmen gəldi və bağlanma məsələsi aradan qalxdı. “Yahova şahidləri” dövlətçilik atributlarını tanımır. Gerb, himn, əsgərlik də həmin təriqət tərəfindən tanınmır. Bir çox ölkələrdə bu cəmiyyətin fəaliyyəti qadağan olunub. Amma onlar müxtəlif formalarda fəaliyyətlərini davam etdirirlər. Onların Azərbaycanda mövcudluğu həm dini, həm də dövlətçilik baxımından çox təhlükəlidir". Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Komitənin məsələyə münasibətini öyrənməyə çalışsaq da, bu qurumların mətbuat xidmətindən telefon zənglərimizə cavab verən olmadı.// Musavat