Bu məmurun adı açıqlanmır, ancaq onun Bakıda real nüfuz bölgüsündə üçüncü şəxs olduğu deyilir
Azərbaycan hakimiyyətində yüksək post tutan oliqarxların xarici ölkələrdə daşınmaz əmlaka böyük pullar yatırdıqları bəllidir. Xəbər verildiyi kimi, bu tendensiya ötən il qlobal iqtisadi böhran başlayandan daha da güclənib. Bunun da iki səbəbi var: bir tərəfdən, oliqarxlar korrupsiya və ölkə iqtisadiyyatının önəmli sahələrini öz inhisarlarına almaları hesabına əldə etdikləri böyük pulları batmaqdan, yaxud dəyərdən düşməkdən xilas etmək üçün onları xaricdə daşınmaz əmlaka yatırmağı ən münasib yol kimi seçir.
Baxmayaraq ki, bu əmlak xüsusən indiki böhran dövründə onlara heç bir gəlir gətirmir.
Digər tərəfdən isə qlobal iqtisadi böhranın təsiri altında hazırda əksər ölkələrdə daşınmaz əmlakın kəskin ucuzlaşması müşahidə edilir. Vaxtilə dəyəri on milyonlarla dollarla ölçülən dəbdəbəli malikanələr indi iki-üç qat ucuzlaşıb. Deməli, pulları bu sahəyə yatırmaq üçün ən əlverişli vaxtdır. Bu günlərdə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlanlarının adına rəsmiləşdirilmiş biznes-imperiyası haqda məlumatlar açıqlananda da bəlli oldu ki, “fövqəlnazir” ötən ilin əvvəllərində Avropa ölkələrində kommersiya əhəmiyyətli daşınmaz əmlak almaq üçün Almaniyada xüsusi şirkət açıb.
Oliqarxlarımızın xaricdə daşınmaz əmlaka pul yatırmaq marağı yeni olmasa da bu barədə əldə etdiyimiz yeni məlumat daha ilgincdir. Bildirilir ki, azərbaycanlı nazir-oliqarxlardan biri Yaponiyada bütöv bir adanı satın alıb. Həmin məmurun kimliyini dəqiqləşdirmək mümkün olmayıb, ancaq məlumata görə, o, hakimiyyətdə real nüfuz baxımından üçüncü yerdədir. Yəni söhbət konstitusiya ilə nəzərdə tutulmuş vəzifə ardıcıllığından deyil, real hakimiyyət bölgüsündən gedir. Azərbaycanda ölkənin idarə edilməsində əsas söz sahibi olan məmurların çevrəsi o qədər də geniş deyil və yəqin ki, Yaponiyada ada alan məmurun kimliyini təxmin etmək o qədər də mürəkkəb olmaz.
Bəs adalar ölkəsi olan Yaponiyada ada almaq mümkündürmü və bu, neçəyə başa gələ bilər? İnternetdə araşdırma aparmaqla bu barədə maraqlı məlumatlar əldə edə bildik.
Məlum oldu ki, 7 mindən çox adadan ibarət olan Yaponiyada adaların satılması praktikası həqiqətən də var. Xarici turist firmalarından birinin saytından əldə olunan məlumata görə, söhbət təbii ki, adaların başqa dövlətə satılmasından gedə bilməz. Yaponiya hökuməti adaları ora investisiya qoymaq və turizm mərkəzinə çevirmək üçün uzunmüddətli icarədə qalmaq şərti ilə satır. Yaponiyanın yerləşdiyi adalardan ancaq dördü iridir və ölkə əhalisi əsasən bu adalarda yaşayır. Satılan adalar isə xırda adalardır. Onların qiyməti 1-2 milyon avrodan başlayır və on milyonlarla avroya qədər dəyişir.
Doğrudur, Yaponiyada xaricilərin ada alması çox çətindir, lakin bu işə bələd olanlar deyirlər ki, pulla bütün problemləri həll eləmək olar. Əsas şərt isə budur ki, adanı alan ora böyük həcmdə investisiya yatırıb onu dirçəltməlidir.
Ümumiyyətlə, ada almaq istəyənlər üçün təkcə Yaponiyada deyil, başqa yerlərdə də kifayət qədər yer var. Ancaq ən salamatı Fransa, ABŞ, Böyük Britaniya kimi ölkələrin yurisdiksiyalarında olan adaları almaqdan qaçmaqdır. Çünki bu cür adaları alanlar problemlərlə üzləşə bilər. Ona görə də ada alanlar əsasən Malta, Fici, Skandinaviya, İspaniya kimi ölkələrə üz tuturlar. Qiymətlər isə adanın yerləşdiyi coğrafi bölgədən və digər şərtlərdən, habelə onun sahəsindən asılı olaraq dəyişir. Satışa çıxarılan adaların orta ölçüsü 100 min kvadratmetrdən 1,5 milyon kvadratmetrə qədər dəyişir. Məsələn, İtaliyaya aid adaların qiyməti 3-25 milyon avro arasındadır. Ən baha adalar İspaniyadadır, orada qiymət 12 milyon avrodan başlayaraq qalxır. Ficidə adaları 15 milyon avroya qədər qiymətə almaq olar. Seyşel adalarında qiymət isə 3-5 milyon avrodur.
Göründüyü kimi, qiymətlər azərbaycanlı oliqarxların pul kisələrinin vəziyyətləri ilə müqayisədə heç də baha deyil, əksinə, xeyli cüzidir. Ona görə də məmurların çoxu xaricdə daşınmaz əmlak almağın bu cür ekzotik variantına əl ata bilərlər. musavat