"Başqa yol yoxdur. Əgər Qarabağda müharibə başlasa, bu müharibəyə böyük dövlətlər də cəlb olunacaq"
08-03-2010
Keçmiş SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun “Azadlıq” radiostansiyasına müsahibəsində Qarabağ münaqişəsi haqda danışması barədə xəbər vermişdik. Qorbaçov bu kimi münaqişələrdə qaliblərin olmadığını, qarşılıqlı razılığa gəlməyin vacibliyini deyib.
O, dolayısı ilə onu da təsdiqləyib ki, vaxtilə bu münaqişənin qızışdırılmasında onun da əməyi olub: “1980-ci illərdə biz Qarabağ münaqişəsini müəyyən formada həll edə bilərdik. Məsələn, mən Dağlıq Qarabağa respublika statusunun verilməsini təklif etmişdim. Həmin vaxt Azərbaycana rəhbərlik edən Əbdürrəhman Vəzirov buna razılaşmağa hazır idi. İndi Qarabağı Azərbaycanın tərkibində təsəvvür etmək qeyri-mümkündür”. Qorbaçov Azərbaycan rəhbərliyinin torpaqlarımızın müharibə yolu ilə azad edilə biləcəyi yönündə bəyanatlarından da narahatlıq keçirdiyini deyib. Onun sözlərinə görə, Qarabağda yenidən müharibəyə yol vermək olmaz, danışıqlar aparmaq lazımdır: “Başqa yol yoxdur. Əgər Qarabağda müharibə başlasa, bu müharibəyə böyük dövlətlər də cəlb olunacaq”.
Daha sonra o, vaxtilə SSRİ-yə rəhbərlik edərkən Azərbaycana qarşı nə dərəcədə qərəzli münasibətdə olduğunu ortaya qoyub. Qorbaçov son açıqlaması ilə faktiki surətdə Qarabağ münaqişəsinin Rusiya tərəfindən təşkil edilməsini, özünün də bu işdə böyük rolu, ermənilərə məhəbbəti olduğunu etiraf etmiş olub. Onun dediklərindən aydın olur ki, Rusiya 1980-ci illərin sonlarında - Əbdürrəhman Vəzirovun vaxtında Dağlıq Qarabağın respublika elan olunması planını hazırlayıbmış. Qorbaçovun deməsinə görə, hətta Ə.Vəzirov Dağlıq Qarabağın respublika elan olunmasına razı imiş...
Qorbaçovun açıqlamasını şərh edən politoloq Vəfa Quluzadə onun cinayətkar olduğunu dedi: “Hərdən cinayətkarların bəxti gətirir, onların törətdikləri güclülərin xoşuna gəlir. Buna görə də Qorbaçov sağ qalıb. Onun birinci cinayətini ruslar özləri də deyirlər, bu, SSRI-yə xəyanətdir. Onun xəyanətləri nəticəsində SSRI parçalandı. Sibirdə bir toplantıda bir fəhlə yerindən durub, Qorbaçova yaxınlaşıb. Qorbaçov elə bilib ki, təşəkkür etməyə gəlir. Həmin adam isə gəlib çatanda Qorbaçova şillə vurub və deyib ki, bu, bütün rus xalqının adındandır. Qorbaçov bu cür simasız adamdır. Onun dövründə Azərbaycan xalqına qarşı deportasiya siyasəti həyata keçirilib. Bunun məsuliyyəti Qorbaçovun boynundadır. Onun göstərişi ilə 300 min soydaşımız öz torpaqlarından - Qərbi Azərbaycandan qovulub. Azərbaycan-Ermənistan münaqişəsi Qorbaçovun vaxtında planlaşdırılıb. Onun arvadı Dağlıq Qarabağı ermənilərə verməyə söz veribmiş. Bunu ermənilər özləri deyib, təkzib də olunmayıb. 20 yanvar faciəsinin də baiskarı odur, biz gərək hər dəfə bu faciəni ananda Qorbaçovun müqəvvasını yandıraq. Qorbaçovun Dağlıq Qarabağ, Azərbaycan haqda dedikləri düşmən sözüdür. O, Azərbaycan xalqının düşmənidir, bu tam sübut olunub”.
V.Quluzadə Ə.Vəzirovun DQ-yə respublika statusu verilməsinə hazır olması barədə konkret məlumata malik olmadığını dedi: “Mən o zaman Əlcəzairdə işləyirdim. Ona görə də Vəzirovun xəyanətləri haqda mətbuatdan oxumuşam. Amma mənim bildiyim odur ki, Dağlıq Qarabağa birdən-birə respublika statusu verilməsi planı haqda deyilənlər yalandır. Çünki Qarabağı əlimizdən hissə-hissə almaq istəyirdilər. O zaman Xüsusi İdarəetmə Komitəsi yaradılmışdı, ona Volski rəhbərlik edirdi. Bu komitənin işi Dağlıq Qarabağı Azərbaycandan mərhələ ilə ayırmaq idi”.// Musavat