Bakının Yasamal rayonunda Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən qəzalı olması barədə rəy verilmiş, alimlərin yaşadığı binanın sökülməsinə başlanıB
08-03-2010
Metronun “Elmlər Akademiyası” stansiyası ilə üzbəüz, Hüseyn Cavid, Şəfayət Mehdiyev və Landau küçələrinin kəsişməsində yerləşən binanın bütün sakinləri artıq köçürülüb. Binanın birinci mərtəbəsində yerləşən ticarət obyektləri, həmçinin mənzilərin qapı-pəncərələri tamamilə sökülüb.
İş icracılarından biri Milli.Az-ın əməkdaşına bildirib ki, artıq bir gündür sökülmə işlərinə başlanılıb. Onun sözlərinə görə, hələlik binadakı mənzillərin qapı və pəncərələrinin sökülməsi həyata keçirilir, binanın ətrafı tam hasarlandıqdan sonra intensiv sökünmə işləri başlanacaq.
Əsasən, Bakı Dövlət Universitetinin müəllimləri və Milli Elmlər Akademiyasının işçilərinin yaşadığı bu beşmərtəbəli, 10 bloklu binanın qəzalı vəziyyətdə olduğu ilə bağlı rəy verilməsinə baxmayaraq, binanın sakinləri mənzillərini boşaltmaq istəmirdilər. Uzunsürən mübahisədən sonra sentyabrın 14-dək binanın boşaldılması ilə bağlı sakinlər xəbərdarlıq almışdılar. Onlara bildirilmişdi ki, Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 72 saylı sərəncamına müvafiq olaraq bina qəza vəziyyətinə düşərək yararsız olduğu üçün orada müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Sakinlərə bunun üçün 10 gün vaxt verilmişdi və bildirilmişdi ki, göstərilən müddətdə evlər boşaldılmasa, onların elektrik enerjisi, qaz və su təchizatı dayandırılacaq. Ancaq vaxt bitsə də, sərəncamın şərtlərinə əməl olunmurdu. Bir neçə dəfə binanın qaz və suyunu kəsmək istəyərkən bi idarələrin nümayəndələri ilə sakinlər arasında qarşıdurma da yaranmışdı.
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov 2009-cu il sentyabrın 18-də jurnalistlərə açıqlamasında bildirmişdi ki, Ş.Mehdiyev küçəsində yerləşən binaya FHN tərəfindən qəzalı olması barədə rəy verilib: “Binanın təzədən bərpası daha çox vəsait və zaman tələb edir. Ona görə də bina söküləcək, yerində yenisi tikiləcək. Bu müddətdə dövlət tərəfindən sakinlərə kirayə pulu və əşyalarını başqa yerə daşımaq üçün vəsait veriləcək. Binanın sakinlərinə, həmçinin, yeni tikilən binada indiki mənzillərindən 20% əlavə yaşayış sahəsinin verilməsi planlaşdırılır”.
Fövqəladə hallar nazirinin məsələyə müdaxiləsindən sonra problem öz həlini tapdı. Belə ki, bir qrup bina sakini K.Heydərovun qəbulunda olub. Nazir sakinlərə bildirib ki, ilyarım ərzində həmin binanın yerində təzə bina tikiləcək. Bu müddət ərzində Dövlət Gömrük Komitəsinin binası yaxınlığındakı 14 mərtəbəli binalardakı mənzillərdə qaz, işıq və su pulu vermədən kirayə yaşamaq, eyni zamanda istədikləri halda mənzillərə mülkiyyət hüququ əldə etmək təklif olunub. Həmçinin sakinlərə yeni bina hazır olduqdan sonra ora qayıtmaq hüququnun verildiyi də bildirilib. Təklif olunan 14 mərtəbəli binalarda kirayə yaşamaq istəyənlərin xərci "Kapitalbank"ın 2 saylı Yasamal filialında sakinlərin adına açılmış hesaba köçürülmüş vəsait hesabına ödəniləcək. milli.az