"Gənclik" dərmanları rusiyalı sənətçilərin həyatı bahasına başa gəlir
08-03-2010
FaktXəbərin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Rusiyada son illərdə 50-60 yaşlarındakı bəzi məşhur sənətçilərin ardıcıl ölməsi, sevənlərini narahat edib. Amma səhiyyə mütəxəssisləri ölüm səbəblərini cavanlaşdırma adı altında aparılan bəzi estetik əməliyyatlarla əlaqələndirib. Cavanlaşdırma müalicəsi çərçivəsində həyata keçirilən əməliyyatların bədəndə xərçəng xəstəliyinə gətirib çıxardığı bildirilir.
Lyubov Polişuk, Anna Samoxina, Oleq Yankovski və Aleksandr Abdulov, hamısı məşhur rus kino və teatr sənətçiləri idi. Çox sevilən və yaşları 50-60 arasında olan bu sənətçilər son günlərdə xərçəng xəstəliyindən dünyalarını dəyişiblər. Məşhur rus kino aktyoru Stanislav Sadalski də, ölüm səbəblərini sənətçilərin cavanlaşmaq üçün etdirdikləri estetik müalicələrə bağlayıb.
Sadalski, "Kosmetik klinikalarında həkimlərin cavanlaşdırmaq üçün insan bədəninə kök hüceyrələrini yerləşdirməsi qadağan edilməlidir. Bəli, qısa müddətdə kök hüceyrələri sayəsində "möcüzə" baş verir. Bir-iki ilə insan üzü cavanlaşır və yenilənir. ... Fəqət, bu eyni zamanda da xərçəng hüceyrələrinin artmasına gətirib çıxarır və bədəni getdikcə əridir. Ölən sənətçi yoldaşlarımın hamısı estetik mütəxəssislərinin xidmətlərindən faydalanaraq kök hüceyrələriylə "cavanlaşmışdı". Sonrası isə məlumdur: hamısı xərçəngdən həyatını itirib" - deyə əlavə edib.
Rus alim də xəbərdarlıq etdi: Kök hüceyrələri xərçəngə səbəb olur
Rusiya Tibb Elmləri Akademiyası Biotibb Texnologiya Mərkəzi başçısı alim Nikolay Karkişenko da insan bədəninə yerləşdirilən kök hüceyrələrinin xərçəngə səbəb olduğunu təsdiqləyib. Rusiyalı tibb alimi, "Rusiyada yalnız iki nəhəng elmi mərkəzə kök hüceyrələriylə işləmək icazəsi verilib. Amma burada tətbiqdən çox, yalnız işləmək nəzərdə tutulur" - deyə qeyd edib.
Tibb Elmlər Akademiyasının Tibbi Radioloji Mərkəzinin cərrahı Denis Malik də, kök hüceyrələrinin xərçəngə səbəb olmaması istiqamətində hələ bir dəlilin olmadığına diqqət çəkib.