Həsrət Rüstəmov: "Bu qərar təkcə Türkiyəyə qarşı deyil, bütün türkdilli ölkələrə və İslam dünyasına qarşı qərəzli mövqedir"
06-03-2010
Xəbər verildiyi kimi ABŞ Konqresinin alt komitəsi qondarma “erməni soyqırımı” layihəsini qəbul edib. Bununla da Türkiyənin etirazı gözləniləndən də sərt oldu və səfir geri çağırıldı. Məlumatda bildirilir ki, Konqresinin Xarici Əlaqələr Komitəsində “erməni soyqırımı” qərar layihəsinin 22 səsə qarşı 23 səslə, cəmi bir səs üstünlüyü ilə qəbul edilib.
Məsələyə münasibət bildirən Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov FaktXəbərə açıqlamasında bildirdi: “Çox təəssüf ki, tarixdə baş verən hadisənin soyqırımla heç bir əlaqəsi yoxdur. Eyni zamanda tarixi hadisələri tarixçilər araşdırmalı və qiymət verməlidirlər. Bir qrup siyasətçinin belə məsələlərə münasibəti ədalətsizliyin göstəricisidir”.
H.Rüstəmov daha sonra əlavə etdi: “Uzun illər Türkiyə ilə ABŞ-ın müttəfiq olmasına baxmayaraq, Amerika Türkiyənin güclənməsini istəmir. Ona görə də Erməni məsələsindən istifadə edərək, Türkiyəni daim gərginlikdə saxlamaq, onun həddən artıq güclənməsi və nüfuzunun artmasına mane olmağa çalışır. Şübhəsiz, bu qərar səhv addımdır. Təkcə Türkiyəyə qarşı deyil, bütün türk dilli ölkələrə və İslam dünyasına qarşı qərəzli mövqedir. Düşünürəm ki, ABŞ-la İslam dünyasının münasibətləri gərginləşəcək”.
Bu qərar həm də Qarabağ münaqişəsinin həllinə ciddi ziyan vuracaq. Bundan əlavə Amerikanın Qarabağ məsələsində aktivliyi şübhə altına düşür. Artıq bu günlər xəbər yayılır ki, ABŞ-ın prezident administrasiyası qərarın Konqrsedə müzakirə olunmasının qarşısını almaq istiqamətdə çalışır. Hesab edirəm ki, bu cəhdlər nəticəsini verəcək. Əks haldaüçün ABŞ regionda marağı naməlum istiqamətdə qalacaq – deyə H.Rüstəmov vurğuladı.
Müsahibizim qeyd etdi ki, ABŞ-ın bu qərarını həm də Türkiyəyə protokolların ratifikasiyasında təsir kimi qiymətləndirmək olar: “Lakin Türkiyə rəhbərliyindən verilən bəyanatlara rəğmən demək olar ki, heç bir təsir onları siyasətlərindən döndərə bilməyəcək. Qarşı tərəfin qoyduğu şərtlərə məhəl verməyəcək. Əks halda – şərtlərlə razılaşıb protokolları imzalasa, bu, Türkiyəyə təziqlərin artmasına səbəb olacaq”.