Qabil Hüseynli: "Gürcüstan torpaqlarının parçalanmasında və separatçı meyllərin baş qaldırmasında Rusiyanın nə qədər rol oynadığını hamı bilir"
06-03-2010
Dünən sizə Rusiya Federasiyasının baş naziri Vladimir Putin Moskvada Gürcüstanın eks-spikeri Nino Burcanadze ilə görüşdüyü barədə məlumat vermişdik. "Vahid Gürcüstan Demokratik Hərəkat"ın lideri N.Burcanadze, Putinlə iki ölkə arasındakı münasibətləri müzakirə edib. Məlumatda deyilir ki, V.Putin münasibətlərin böhrana qədərki səviyyəsini bərpa edə biləcəklərindən danışıb.
Məsələni FaktXəbərə şərh edən politoloq Qabil Hüseynli bildirdi: “Hesab edirəm ki, Gürcüstanla Ukrayna arasında ciddi fərq var. Ukrayna ilə Rusiya slavyan dilli ölkələrdir. Həm də Ukraynanın şərq tərəfində çoxlu ruslar yaşayır. Bu sarıdan Rusiyaya meyl güclüdür. Amma Gürcüstan barəsində bunları demək olmaz. Əksinə Gürcüstanda Rusiyaya qarşı əhalidə antipatiya var. Gürcüstanın torpaqlarının parçalanmasında və separatçı meyllərin baş qaldırmasında Rusiyanın nə qədər rol oynadığını hamı bilir. Son dövrlər Gürcüstanın demokratiya istiqamətində qazandığı nailiyyətlər əhalinin böyük bir hissəsində rəğbətlə qarşılanır. Bütün xalqın Saakaşvilini sevməsini demək olmasa da, təqribən əlli faizi möcvud hakimiyyəti dəstəkləyir”.
İkinci müddətdə işləyən prezident üçün pis göstərici deyil. Fakt odur ki, Saakaşvilinin üç ildən bir az çox müddəti qalıb. Ona qarşı daxildə hər hansı çıxış mümkün olmayacaq - Q.Hüseynli əlavə etdi: “Saakaşvili və onu dəstəkləyən Qərb belə qüvvələrin cilovlanması üçün əlindən gələni edəcək. Amma Saakaşvilinin müddəti bitdikdən sonra da Rusiya meyilli şəxsin hakimiyyətə gəlməsini asan təsəvvür etmirəm. Çünki, Gürcüstanda vətəndaş cəmiyyətinin elementləri artıq oturuşub. Qərb dəyərlərinin müəyyən hissəsi də oturuşmuş formadadır. Rusiyaya olan antipatiya hər gün artır. Ona görə də Ukrayna ssenarisinin Gürcüstanda təkrarlanması o qədər də asan məsələ deyil. Düşünürəm ki, Gürcüstan Avro-Atlantika məkanına yeni prezident seçilənə qədər daxil olacaq. Ərazisi də Qərbin tam nəzarətinə keçəcək. Gürcüstanda Rusiya layihələrini həyata keçirtmək mümkün deyil”.
Saakaşvilinin müddəti başa çatdıqdan sonra kimin gətiriləcəyi – sualına cavab olaraq, Q.Hüseynli bildirdi ki, bu müddətə qədər Saakaşvilinin özü də bu işin qayğısına qalır: “Eyni zamanda hazırkı prezidentin böyük komandası var. Bu komandada kifayət qədər güclü şəxslər mövcuddur. Bundan başqa müxalifətdə də Qərb meyilli şəxslər az deyil. Onlar vaxtı ilə Saakaşvili ilə bir yerdə işləsələr də sonradan ayrıca partiya qurdular. Nina Burcanadze Rusiyaya getməklə, o demək deyil ki, Rusiya meyilli adam olacaq. Yaxud keçmiş müdafiə naziri İrakli Okuraşvili ciddi Qərb meyilli adamdır. Eləcə də müxalifətdə olanlardan böyük əksəriyyət Qərb meyillidir”.
Q.Hüseynli vurğuladı: “Rusiya Ukrayna hadisələrində nə edə bildi ki, indi nə etsin? Ukraynada Yanikoviçin hakimiyyətə gəlməsi demokratik seçkinin nəticəsi oldu. Eyni zamanda da Qərb dəstək vermədi. Kimə dəstək verəcəkdi, sürüşkən Timoşenkoya yaxud Yuşşenkoya? Rusiya Gürcüstanda demokratik yolla seçkini uda biləcək adam ortaya çıxartsa, Rusiya meyilli hakimiyyət qurula bilər. Əks halda - Rusiya qulağının dibində Gürcüstanda hakimiyyəti dəyişmək istəyirsə, beynəlxalq hüquq normalarına zidd olan zorakılıqdan istifadə etməlidir”.