|
2007-cı ildə Azərbaycanda uşaq ölümü göstəricisi beş yaşına çatmamış uşaqlar arasında hər 1000 diri doğulmuş uşağa 39 olub. Bu göstərici üzrə Azərbaycan dünyanın 194 ölkəsi arasında 77-cı yerdə olub. Qonşu Ermənistan 99-cu, Gürcüstan isə 88-ci yerlərdə olub. MDB ölkələrindən Türkmənistan, Özbəkistan və Tacikistan uşaq ölümü səviyyəsinə görə Azərbaycanı qabaqlayır.
“İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış” Koalisiyasının təşkilati dəstəyi ilə martın 4-də "Azərbaycanda ana və uşaq sağlamlığı sahəsində mövcud durum və problemlər" mövzusunda dəyirmi masa keçirib. Dəyirmi masada müvafiq dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, QHT təmsilçiləri, həkimlər və müstəqil ekspertlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İTY İB-nin sədri Azər Mehtiyev bildirdi ki, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nda 2015-ci ilin sonunadək 1 yaşınadək uşaqlar arasında ölüm hallarının səviyyəsinə, habelə ana ölümü hallarının səviyyəsinə görə Avropa ölkələri üzrə orta gostəriciyə çatmaq hədəfi müəyyən edilib.
O məlumat üçün bildirdi ki, UNİCEF-in son aşıqlamasına görə, 2007-cı ildə Azərbaycanda uşaq ölümü göstəricisi beş yaşına çatmamış uşaqlar arasında (U5-MR) hər 1000 diri doğulmuş uşağa 39 olub (1990-da bu göstərici 98 idi). Bu göstərici üzrə Azərbaycan dünya ölkələri (194 ölkə) sıralamasında 77-cı yerdə olub. Bu sıralamada Ermənistan 99-cu, Gürcüstan isə 88-ci yerlərdə olub. MDB ölkələrindən Türkmənistan, Özbəkistan və Tacikistan uşaq ölümü səviyyəsinə görə Azərbaycanı qabaqlayır. Azərbaycanda 1 yaşadək körpələr arasında ölüm səviyyəsi (U1-MR) 2007-ci ildə hər 1000 diri doğulmuş uşağa 34 təşkil edib (1990-cı ildə 78 idi). Gürcüstanda bu göstərici 27, Ermənistanda isə 22 olub.
Rəsmi məlumatlara görə, 2008-ci ildə uşaq ölümü göstərici 12,0 promilli olubsa, 2009-cu ildə bu göstərici 11,4-də enmişdir. Ana ölümü əmsalı isə ( 100 min diridoğulana) müvafiq olaraq 26,1-dən 24,3-ə enmişdir.
İTYİB-in sədri uşaq ölümü ilə bağlı rəsmi məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. O deyib ki, rəsmi statistikada 2008-ci ildə uşaq ölümü göstəricisinin 12, 2009-cu ildə 11,4 promilli olduğu qeyd olunur. Birliyin rəhbəri ana və uşaq ölümü hallarına səbəb olan amilləri də qeyd edib. Onun sözlərinə görə, tibbi xidmətlərin müyəssərlik səviyyəsinin yetərincə olmaması, həkim məsuliyyətsizliyi və savadsızlığı, qadınların bəzi hallarda qadın məsləhətxanalarına müraciət etməməsi, keyfiyyətli tibbi xidmətin yerində və vaxtında göstərilə bilinməməsi, doğuşun ev şəraitində keçirilməsi, ekologiya və ətraf mühitin vəziyyəti, insanların məlumatsızlığı və digər amillər uşaq ölümünün artmasına şərait yaradır.
A.Mehtiyev son illər ölkədə ana və uşaq sağlamlığının mühafizəsi sahəsində həyata keçirilən işlərin əsas istiqamətləri kimi bunları qeyd etdi: dövlət büdcəsinin “Səhiyyə” bölməsinə ayrılan vəsaitin məbləği ildən-ilə artır; bir sıra xəstəliklər üzrə xüsusi proqramlar çərçivəsində dərman təminatı həyata keçirilir; səhiyyənin maddi-texniki təminatı gücləndirilir; ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı reallaşdırılır; Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı realaşdırılır; sübuta (dəlillərə) əsaslanan təbabətə keçid istiqamətində klinik protokollar hazırlanır; immunlaşdırma prosesləri genişləndirilir və s.
Tədbirdə “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı” və “Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı”nın icrasının monitorinqinin nəticələri təqdim edilib.
AMEA İqtisadiyyat İnstitutunun elmi əməkdaşı Çingiz Baxış ölkədə ana və uşaq ölümü ilə bağlı real göstəricilərin gizlədildiyi qənaətindədir: “Azərbaycanda uşaq ölümü hallarının heç də hamısı rəsmi qeydiyyata alınmır. Xüsusən, rayonlarda və ucqar kəndlərdə belə hallar daha çox müşahidə olunur. Amma bunun müqabilində Səhiyyə Nazirliyinin rəsmi məlumatlarında uşaq ölümü hallarının ildən-ilə aşağı düşdüyü bildirilir. Hər halda, bu məsələdən nazirliyin nümayəndələri də xəbərdardırlar. Lakin nədənsə, uşaq ölümü hallarının bir qisminin rəsmi qeydiyyatdan yayındırılmasına yetərli arqument gətirilmir”. O bunun əslində keçmiş SSRİ dövründən qalma bir “xəstəlik” olduğunu da ifadə etdi.
Dəyirmi masada iştirak edən Səhiyyə Nazirliyinin Tibbi Yardımın Təşkili Şöbəsinin müdir müavini Elmira Əliyeva son illər ölkədə ana və uşaq sağlamlığının mühafizəsi sahəsində həyata keçirilən işlər barədə məlumat verdi. O, bu sahədə rəsmi məlumatlarla UNİCEF-in məlumatları arasında olan fərqə aydınlıq gətirdi. E.Əliyeva bildirib ki, ölkədə ana və uşaq ölümü hallarının indiki səviyyəsi heç də yalnız tibbi problem deyil: “Burada ölkədəki ümumi iqtisadi vəziyyət də mühüm rol oynayır. Ölkədə iqtisadi və sosial vəziyyət hansı istiqamətdə inkişaf edirsə, səhiyyə problemləri, o cümlədən, ana və uşaqların sağlığının qorunması sahəsindəki işlər də o səviyyədədir. Ona görə də problemin həlli daha çox ictimaiyyətin özündən asılıdır, ictimaiyyətin ana və uşaqların sağlamlığının qorunmasına münasibəti köklü şəkildə dəyişməlidir”.
Elmira Əliyeva vurğulayıb ki, Səhiyyə Nazirliyi imkanları daxilində problemin həlli istiqamətində səy və bacarıqlarını əsirgəmir. Bununla belə, nazirliyin rəsmisi hesab edir ki, problemlə təkcə Səhiyyə Nazirliyi məşğul olmamalıdır: “Başqa dövlət qurumları, ictimai təşkilatlar, əhalinin özü bu sahəyə ciddi fikir verməlidir, ailələrdə maarifləndirmə işləri aparılmalıdır ki, hamilə qadınlar vaxtlı-vaxtında tibb müəssisələrinə müraciət etsinlər”. E.Əliyeva tədbir iştirakçılarının qaldırdığı bir sıra suallara da aydınlıq gətirdi.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə midiri Malik Kərimbəyov ölkənin səhiyyə sistemində aparılan islahatlar, habelə ana və uşaq sağlamlığı sahəsində Mərkəzin həyata keçirdiyi tədbirlər barədə danışdı. O qeyd etdi ki, bilavasitə ana və uşaq sağlamlığı ilə əlaqədar olan 10-dan çox klinik protokollar işlənilib və təsdiq olunub, bunların tətbiqi ilə bağlı rayonlarda seminarlar keçirilir. Şöbə müdiri Mərkəzin yerlərdə bu protokollara əməl edilməsinin monitorinqinə hazırlaşdığını bildirdi.
Səhiyyə İslahatlarına Dəstək İctimai Birliyinin rəhbəri M. Verdiyev, “Sağlamlığa çağırış” ictimai Alyansının əlaqələndiricisi A. Əsgərova, Mama-Ginekologiya İnstitutunun əməkdaşı E. Eldarova, AMEA İqtisadiyyat İnstitutunun əməkdaşı H.Hümbətov, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun İctimai Səhiyyə Proqramının əmkdaşı İ.Mənsumova, Qadın Problemlərinin Araşdırılması Mərkəzinin rəhbəri S.Allahverdiyeva, İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı Dünya sakit və başqaları müzakirə olunan problemin ayrı-ayrı aspektlərinə toxundular. Çıxışların əksəriyyətində belə bir narahatlıq ifadə edilirdi ki, Azərbaycan 2015-ci ilədək ana və uşaq ölümünün azaldılması sahəsində qarşıya qoyulan hədəflərə çatmaya bilər. Çünki bu sahədə həyata keçirilən işlər yetərincə deyil, habelə son illər azyaşlı nikahlar, nikahdankənar doğuşlar, kontrasepsiya vasitələrindən istifadənin azalması, abortların çoxalması və sair kimi bir sıra yeni problemlər də meydana çıxmaqdadır. Müzakirələrə qatılanların yekdil fikrincə, ana və uşaq ölümünün azaldılması, ana və uşaq sağlamlığının gücləndirilməsi yalnız Səhiyyə Nazirliyinin deyil, bütün dövlət qurumlarının. Habelə bütün cəmiyyətin diqqətində olmalı, ictimai səhiyyə və maarifləndirmə işləri gücləndirilməlidir.
Xatırladaq ki, bu il BMT-nin Minilliyin İnkişaf Məqsədləri (MİM) Bəyannaməsinin qəbul edilməsinin 10 ili tamam olur. 2015-ci ilədək 5 yaşadək uşaqlar arasında ölüm hallarının 2/3 dəfə azaltmaq (hədəf 5) və ana ölümü əmsalının ¾ dəfə azaltmaq (hədəf 6) MİM-in mühüm hədəfləri sırasındadır.
İnformasiya şöbəsi
|