"Ermənistanla imzalanmış protokollar geri çağırılmalıdır"
"Protokollar heç bir fayda vermədi və onların imzalanması yanlış addım idi"
06-03-2010
“Ermənistanla imzalanmış protokollar Türkiyə Böyük Millət Məclisindən geri çağırılmalıdır”. Bunu “Star” telekanalının axşam xəbər buraxılışında Cümhuriyyət Xalq Partiyasının sədri Dəniz Baykal deyib. Onun fikrincə, ABŞ Nümayədələr Palatasının Xarici Əlaqələr Komitəsinin son qərarının əsasında Türkiyə tarixini və Türkiyə Cumhuriyyətini ittiham anlayışı dayanır. Ana müxalifət hesab edir ki, bütün millət qətiyyətlə bu qərara qarşı çıxmalıdır.
Dəniz Baykal hesab edir ki, ABŞ Nümayəndələr Palatasının Komitəsində qəbul olunmuş qərarın tarixi faciəyə insani məsuliyyət hissi ilə yanaşma, tarixi həqiqətləri ortaya çıxarmaq niyyəti ilə heç bir əlaqəsi yoxdur: “Bunun hələ yüz il sonra gündəmdə saxlanılmasının altında yatan əsas səbəb tarixə qarşı məsuliyyət hissi deyil, sözün həqiqi mənasında siyasi bir anlayışdır. Bu siyasi anlayış Türkiyəni soyqırımı iddiası ilə təzyiq altında saxlama, Türkiyə siyasətini soyqırımı iddiaları ilə yönləndirmə cəhdi ilə bağlıdır”.
CHP sədri bildirib ki, hakim Ədalət və İnkişaf Partiyası soyqırımı iddialarının aradan qaldırılması cəhdi ilə əsaslandırdığı müəyyən addımlar atsa da, ABŞ-dakı səsvermə bu addımların keçərli olmadığını göstərib: “İqtidar Ermənistanla protokol imzalayaraq, bu protokol vasitəsilə Amerikanı soyqırımı iddiası məsələsində yumşalda biləcəyinə ümid edirdi. Bu ümidlərin gerçəkləşmədiyi ortaya çıxıb. O protokolun imzalanması nə Türkiyə ilə Amerika arasında soyqırımı mübahisələrini aradan götürmək baxımından, nə Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin dostyana bir çevrəyə salınması baxımından, nə də Ermənistanla Azərbaycan arasındakı münasibətlərin sülh istiqamətində inkişafı baxımından heç bir fayda gətirmədi”.
Dəniz Baykal bildirib ki, Türkiyənin Ermənistanla protokolları imzalaması yanlış addım olub: “Türkiyə ilk növbədə bu protoklları dövriyyədən çıxarmalıdır. İmzalanan sənədlər Türkiyə Böyük Millət Məclisindən geri qaytarılmalıdır. Soyqırımı ittihamlarının Türkiyəni bu məsələdə daha irəli bir əməkdaşlığa çəkməyəcəyini, əksinə, Türkiyənin məruz qaldığı haqsızlığa təpki göstərdiyini ortaya qoymalıyıq”.ans