AXCP-nin tutduğu yol bu partiya üçün çox ciddi və acı nəticələrə səbəb ola bilər
05-03-2010
AXCP-nin tutduğu yol düzgün yol deyil, bu, demokratik qüvvələrin ziyanına olan bir yoldur və hesab edirəm ki, bu mövqe AXCP üçün çox ciddi və acı nəticələrə səbəb ola bilər”. Bu açıqlamanı APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. “Azadlıq” blokunun parlament seçkiləri ilə bağlı müxalifətin təşkil etdiyi müzakirələrə qatılmamaq barədə qərarına münasibət bildirən A. Hacılı qeyd edib ki, Müsavat partiyası Demokratiya Uğrunda İttifaqın üç siyasi təşkilatın birgə müzakirələrinin keçirilməsi istəyinə müsbət cavab verib: “Biz ümid edirdik ki, “Azadlıq” blokunun rəhbərlərindən də oxşar cavab gələcək. Amma təəssüf ki, “Azadlıq” bloku başqa bir istiqamət tutdu və bu təkliflə razılaşmadı. Biz sadəcə müzakirələrin aparılmasını nəzərdə tuturduq və belə bir sadə məsələyə “Azadlıq” blokunun razılıq verməməsi daha dərinə gedən əməkdaşlıq və müttəfiqlik istiqamətində olan müzakirələrə ən azı hələlik hazır olmadığını göstərir”.
A. Hacılı blokun belə bir qərar qəbul etməsində Müsavat-Liberal partiyaları arasında baş verən qarşıdurmanın rol oynamadığını düşünür: “Hesab etmirəm ki, Müsavat Partiyası ilə Liberal Partiyası arasında hansısa problemlər olub. Çünki Liberal Partiyası klassik mənada qeyd olunan - yəni özəklərə, rayon təşkilatlarına, icraedici və qərarverici orqanlarına malik olan, yerli və mərkəzi orqanları mövcud olan bir partiya deyil. Ona görə də ALP ilə Müsavat Partiyası arasında hansısa ziddiyyətlərin olması barədə fikir səsləndirmək düzgün deyil. Bu məsələni Liberal Partiyasından iki nəfərin Müsavat Partiyasının başqanına və partiyanın siyasətinə qarşı çıxması kimi dəyərləndirilməsi daha düzgün olardı”.