Famil Məmmədlinin bu hərəkəti gənclər üçün böyük bir örnəkdir, onun qəhrəmanlığı ilə ailə üzvləri, yaxınları, bütün Azərbaycan xalqı fəxr edə bilər.
05-03-2010
"Qarabağ Azadlıq Təşkialtı Azərbaycan Silahlı Qüvvələrinə məxsus SU-25 qırıcı təyyarəsinin qəzaya uğramasını həyəcan doğuracaq fakt kimi dəyərləndirir və qəzanın səbəblərinin araşdırılmasını tələb edir." Bu sözlər Qarabağ Azadlıq Təşkialtından FaktXəbərə daxil olan bəyanatda deyilir.
"Azərbaycan Ordusunun döyüş vasitələri və texnikasına bu cür səhlənkar münasibət yolverilməzdir. Yüksək hazırlıqlı hərbi mütəxəssislərin bu cür qəzalarda itirliməsi də Azərbaycan Ordusunun döyüş qabiliyyətinə ağır zərbə vurur. Bu qəzada təqsiri olan şəxslər ciddi şəkildə cəzalandırılmalıdır.
Digər tərəfdən, biz qəza zamanı böyük qəhrəmanlıq nümunəsi göstərmiş təyyarəçi, polkovnik-leytenant Famil Məmmədlinin hərəkətini yüksək qiymətləndiririk. O, öz həyatını xilas etmək əvəzinə sona qədər təyyarənin sükanı arxasında qalmış, təyyarəni yaşayış məntəqəsindən uzaqlaşdırmış və öz həyatı bahasına onlarla insanın həyatını xilas etmişdir. İlkin məlumatlara görə, yerdəki idarəetmə mərkəzindən dəfələrlə təkid edilməsinə baxmayaraq, o təyyarəni tərk etməmişdir. Famil Məmmədlinin bu hərəkəti gənclər üçün böyük bir örnəkdir, onun qəhrəmanlığı ilə ailə üzvləri, yaxınları, bütün Azərbaycan xalqı fəxr edə bilər. Onun hərəkəti Azərbaycan əsgərinin yüksək mənəvi keyfiyyətlərini, döyüş qabiliyyətini, fədəkarlığını nümayiş etdirmişdir. Biz əminik ki, Azərbaycan Ordusunda Famil Məmmədli kimi yüzlərlə əsgər və zabitimiz var və onlar işğalçı Ermənistana qarşı öz həyatlarını da əsirgəmədən müqəddəs savaşa hazırdırlar. Bu cür qəhrəman əsgər və zabitləri olan ölkə artıq müharibəyə başlamalıdır! Bu cür igidləri olan ordu hökmən qalib gələcəkdir!