Azərbaycan Milli Məclisi ABŞ-a kəskin etirazını bildirilib
Azərbaycan Milli Məclisində ABŞ-da qəbul olunan uydurma "erməni soyqırımı"na dair qərara kəskin etiraz bildirilib
05-03-2010
Milli Məclisin bugünkü iclası ABŞ Konqresi Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin uydurma “erməni soyqırımı” layihəsinin qəbuluna həsr olunmuş müzakirələrlə başlayıb.
APA-nın xəbərinə görə, millət vəkili İqbal Ağazadə deyib ki, bu addım regionda baş verən hadisələrə mənfi təsir edəcək: “Təəssüf ki, dünya parlamentləri Xocalı soyqırımına eyni münasibət bəsləmədi”.
Deputat Vahid Əhmədov siyasi oyunların getdiyini, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi problemlərlə üzləşdiyini deyib. Onun sözlərinə görə, Azərbaycan xarici siyasətində ciddi korrektə etməlidir: “Bizim strateji tərəfdaş elan etdiyimiz, köməkliklər göstərdiyimiz Gürcüstan belə Ermənistanla əlaqələr qurur. Dünyada bizə sərf etməyən siyasət gedir. Əvəzində isə Türkiyəyə Ermənistanla sərhədləri açmaq üçün təzyiqlər edilir”.
Yaqub Mahmudov qəbul olunan qərarla bağlı Milli Məclisin bəyanat verməsini təklif edib: “Biz dinləmələr keçirməli, sözümüzü deməliyik. Bu, ədalətsiz qərardır”.
Pənah Hüseyn təcili bəyanat hazırlanmasını və sözügedən qərarın pislənməsini istəyib.
Qənirə Paşayevə isə ABŞ-da qəbul edilən bu qərarın bütün dünya türklərinə qarşı təhqir olduğunu deyib. Onun sözlərinə görə, Milli Məclis məsələyə münasibət bildirməlidir: “Xocalı soyqırımının videosu, faktı ortada, nəyə görə belə bir qətnamə bu hadisə ilə bağlı qəbul edilmir? Mən digər türkdilli dövlətlərə səslənərək, onların da etiraz bildirmələrini istəyirəm. Heç kəs bu məsələdə susqunluq nümayiş etdirməməlidir. Biz bu addımı özümüzə təhqir kimi qiymətləndirməliyik”.
Qüdrət Həsənquliyev də məsələyə etirazını bildirib: “Biz buna etiraz olaraq ABŞ-dakı səfirimizi geri çağırmalıyıq. ABŞ Azərbaycana uzun müddətdir, səfir təyin etmir. Bu, məqsədyönlü siyasətdir. Biz də parlament olaraq öz sözümüzü deməliyik. Hüseyn oğlu Obamanın dövründə İslam dünyasına qarşı münasibət kəskin pisləşəcək”.