"Hərbçilər ölən pilotun parçalanmış cəsədinin başında ağlayırdılar"
05-03-2010
Tovuz rayonu Aşağı Ayıblı kəndi ərazisində baş verən təyyarə qəzasının təfərrüatları barədə rəsmi qurumlar hələlik açıqlama verməsələr də, hadisənin şahidləri gördüklərinə dair məlumatları açıqlayıblar.
“Turan”ın məlumatına görə, SU-25 hərbi təyyarəsində qəzaya uğrayan Famil Məmmədli Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birinin qərargah rəisi imiş. Polkovnik-leytenant F.Məmmədli Şəmkir aerodromunda təlim uçuşu həyata keçirirmiş.
Uçuşu müşahidə edənlərin fikrincə, pilot havaya qalxarkən səhvə yol verib. Hərbi dildə buna “yolverilməz manevr” deyilir. Bu o deməkdir ki, o, kifayət qədər yüksəkliyə qalxmadan kəskin dönüş edib və təyyarənin qanadı ilə uçuş zolağına ilişib. Sonra təyyarə idarəetməni itirib və uçuş yeri yaxınlığında yerə düşüb.
Pilotun əslən Ağsu rayonundan olduğu və üç uşaq atası olduğu bildirilir.
Qeyd edək ki, SU-25 tipli qırıcı təyyarə Aşağı Ayıblı kəndi ərazisindən təxminən 6 kilometr kənarda, Zəyəm çayının üzərindəki körpünün yaxınlığında yerə düşüb. Təyyarənin qabaq hissəsi təxminən 1 metrə qədər torpağa batıb. Təyyarənin qırıntıları bir neçə metr radiusda səpələnib. Uçuş maşını bir neçə hissəyə parçalanıb.
Qəza zamanı təyyarənin pilotu həlak olub. Şahidlər pilotun meyitinin təyyarədən xeyli kənarda olduğunu bildiriblər. Qəza yeri yaşayış məntəqəsindən uzaq olduğundan, mülki əhali arasında xəsarət alan yoxdur.
Hadisənin səbəbini Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılmış birgə komissiya araşdırır.
Aşağı Ayıblı kəndinin sakini, fermer Ramiz Abbasov da vesti.az saytının əməkdaşına hadisənin təyyarə manevr edərkən qanadının yerə dəyməsi səbəbindən baş verdiyini deyib. O bildirib ki, həmin vaxt bir neçə təyyarə təlim uçuşu keçirirmiş, qəzaya uğrayan SU-25 yerə yaxın olarkən manevr edərək yuxarı qalxmaq istəyib. Bu zaman təyyarənin qanadı torpağa dəyib və o, parçalanıb. Hadisənin şahidi deyib ki, bir qədər sonra əraziyə Fövqəladə Hallar Nazirliyinin və Qazax Rayon Prokurorluğunun əməkdaşları gəliblər. Həmçinin hadisə yerinə gələn hərbçilər F.Məmmədlinin parçalanmış meyitinə baxaraq ağlayırlarmış...
Hərbi Hava Qüvvələrində xidmət keçmiş bir zabit Famil Məmmədlini as pilot kimi xarakterizə etdi. Onun sözlərinə görə, qəza F.Məmmədlinin peşəkarlığına arxayın olaraq sərt manevr etməsi səbəbindən baş verə bilər.
Qeyd edək ki, SU-25 mükəmməl hərbi təyyarə sayılır. SU-25 yüksək müdafiə olunan, zirehli, istənilən hava şəraitlərində uça bilən təyyarədir. Rus hərbçiləri onu “qırğı” adlandırır. Bombalama əməliyyatlarını daha çox bu təyyarə ilə həyata keçirirlər. Maksimal sürəti 970 km/saatdır. Hazırda rus hərbi birləşmələrinin istifadəsində cəmi 200, Ermənistan ordusunda 15 SU-25 var.
İndiyədək Rusiya cəmi 1320 SU-25 istehsal edib.
Bir maraqlı məqamı da qeyd edək ki, 1992-ci ildə Vaqif Qurbanov adlı zabit qulluq etdiyi rus ordusundan SU-25-lə birlikdə qaçaraq, Qarabağda döyüşlərə qatılıb. Bir qədər sonra onun idarə etdiyi təyyarə düşmən tərəfindən vurulub...
SSRİ dönəmində neçə SU-25-in qəzaya uğraması haqda məlumat yoxdur. Çünki sovetlər dönəmində bu cür qəzaları gizlədirdilər. SSRİ dağılandan indiyədək 12 SU-25 qəzaya uğrayıb. İlk məlum qəza - 9 avqust 1991-ci ildə SSRİ Hərbi Dəniz Qüvvələrinə aid SU-25-lə törədilib.
Digər qəzaların ardıcıllığı belədir:
27 noyabr 1992-ci il (Murmansk)
15 sentyabr 1993 (Abaxaziya)
21 dekabr 1993 (Krasnodar)
11 aprel 1998 (Tacikistan)
9 iyun 2000 (Stavropol)
3 aprel 2002 (Zaparojes)
21 may 2005 (Tacikistan)
28 iyul 2006 (Bryansk)
30 iyun 2007 (Konqo Demokratik Respublikası)
20 mart 2008 (Rusiya, Primorsk)
3 mart 2010 - (Azərbaycan, Tovuz)
12 qəzadan cəmi 2-də - 21 dekabr 1993-də Krasnodarda və 21 may 2005-ci ildə Tacikistanda baş verən qəzalarda pilotlar özlərini katapultla ataraq sağ qalıblar. Digər 10 qəzada pilotlar həlak olublar.
Qeyd edək ki, F.Məmmədli dünən ikinci Fəxri Xiyabanda dəfn olunub. Mərasimdə müdafiə naziri Səfər Əbiyev də iştirak edib.