Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun 100 milyon manatlıq maxinasiya sənədi əlimizə keçib. Dövlət orqanı tərəfindən verilməsi ağla sığmayan bu absurd sənəddə söhbət “Qış bulvarı” salınacaq ərazidə yaşayan insanlara veriləcək kompensasiyanın hansı metodlarla mənimsənilməsindən gedir. Öncə şəxsən Hacıbala Abutalıbovun imzaladığı sənədin mətnini olduğu kimi dərc edirik.
“Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
SƏRƏNCAM
Yeni park kompleksinin salınması, ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi haqqında

Son illər Respublikada aparılan iqtisadi inkişaf proqramları çərçivəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Azərbaycan Respublikasının paytaxtında aparılan, dünya standartlarına cavab verən abadlaşdırma işlərinin təşkilində müvafiq tədbirlər həyata keçirilmiş və bu istiqamətdə şəhərin iqtisadi inkişafına uyğun olaraq, əhalinin ümumi istifadə yerləri olan şəhər yollarının, küçə və meydanların, park və xiyabanların, habelə yaşayış sahələri üzrə ərazilərin abadlaşdırılması, yaşıllaşdırılması istiqamətində yenidənqurma və abadlaşdırma işləri müntəzəm olaraq davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən Heydər Əliyev Sarayının arxasındakı (Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrinin əhatəsində olan sahə) binaların sökülərək yeni park-bağ kompleksinin salınması işləri Bakı Şəhər İcra Hakimiyyətinə həvalə olunmuş, qeyd olunan ərazidə yerləşən yaşayış və qeyri-yaşayış sahələrinə görə veriləcək vəsaitin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilməsi nəzərdə tutulur.

Qeyd etmək lazımdır ki, mövcud qanunvericilikdə bu günə qədər söküntü ərazisinə düşən və dövlət ehtiyacları üçün alınan evlərin köçürülməsi ilə əlaqədar qiymətləndirmənin öz əksini tapmaması, qeyd olunan evlərdə yaşayan əhalinin köçürülməsi işində müəyyən çətinlik yaradır. Həmçinin əhalinin köçürülməsi işi dövlət orqanları tərəfindən həyata keçirildikdə, əhali tərəfindən qiymətlər süni surətdə artırılaraq onlara məxsus olan evlərin satış qiymətləri bazar qiymətindən bir neçə dəfə baha təklif edilir ki, bu da artıq vəsaitin xərclənməsinə səbəb olur. Bunları nəzərə alaraq göstərilən ünvandakı əhali ilə danışıqların aparılması və onların köçürülməsi işinin müqavilə əsasında fiziki şəxs Kazımov Rufan Habil oğlu tərəfindən həyata keçirilməsi qərarına gəlinmişdir.
Bununla əlaqədar olaraq, Bakı Şəhər İcra Hakimiyyətinin məktubuna əsasən, göstərilən sahədə əhalinin köçürülməsi üçün ilkin olaraq 5,0 (beş) milyon manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən bu işləri həyata keçirəcək fiziki şəxs Kazımov Rufan Habil oğlunun hesabına köçürülmüş və qeyd olunan vəsait təyinatı üzrə xərclənmişdir.
Növbəti mərhələdə Dövlət Neft şirkəti qalan vəsaitin birbaşa fiziki şəxsin hesabına köçürülməsini məqsədəuyğun hesab etməyərək onun Bakı Şəhər İcra Hakimiyyətinin hesabına köçürülməsini təklif etmişdir.
Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 17.09.2008-ci il tarixli, 7-363/4g saylı məktubla Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilmiş və nazirliyin 18.09.2008-ci il tarixli, 04/02/03-333-5099 saylı məktubunda bu işlərin həyata keçirilməsinə etiraz edilmədiyi bildirilmişdir.
Yuxanda qeyd olunanları və Möhtərəm Prezidentimizin müvafiq tapşırığını rəhbər tutaraq:

- Bakı şəhərinin Baş Planına əsasən Heydər Əliyev Sarayının arxasındakı (Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrinin əhatəsində olan sahə) ərazi park salınması üçün nəzərdə tutulduğundan orada yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri mövcud qanunvericiliyin tələblərinə əsasən ödənilməklə köçürülməsi təmin edilsin.
- Qeyd olunan ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərin sahibləri ilə danışıqların aparılması və kompensasiya verərək köçürülməsi işi tərəflər arasında bağlanmış müqaviləyə əsasən fiziki şəxs Kazımov Rufan Habil oğlu tərəfindən həyata keçirilsin və bu sahədə aparılan işlər başa çatdırıldıqdan sonra toplanmış sənədlər Bakı Şəhər İcra Hakimiyyətinə təqdim edilsin.
- Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının mühasibatlığı göstərilən köçürmə ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin hesabına ödənilmiş vəsaitin fiziki şəxs R.H.Kazımovun hesabına keçirilməsini təmin etsin.
- Sərəncamın icrasına nəzarət Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri B. Fərəcbəyliyə həvalə edilsin.
H.ABUTALIBOV”
***
Bu cinayət xarakterli sənəddən belə anlaşılır ki, guya dövlət vətəndaşlarla hər hansı bir formada dil tapmaqda, kompensasiyanın miqdarını müəyyənləşdirməkdə aciz olub, ona görə də bu işi əlaltından həyata keçirmək üçün fiziki şəxs olan Rufan Kazımova tapşırıblar. Təsəvvür edirsinizmi? Əcaba, bu Rufan Kazımov Dədə Qorquddur, “dərin dövlət”dir, “vor v zakone”dir, nədir?
İkincisi, hamıya bəllidir ki, hansısa iş adamı biznes məqsədi ilə ev sahiblərini razı salmaq istəyəndə vətəndaşlar ondan daha çox pul tələb edirlər, nəinki dövlət ehtiyacı üçün köçürülmə zamanı hökumətdən. Bu məntiqi ancaq Hacıbala Abutalıbov tərsinə yoza və ya iddia edə bilər. Əlbəttə, Hacıbala müəllim burada nə etdiyini özü bilməmiş deyil. Söhbət burada maxinasiyadan, bu cür fırıldaqla mənimsəmələrdən gedir. Məhz işlərin bu cür tərs-məzhəb qurulmasının nəticəsidir ki, bu gün evləri yıxılan yüzlərlə vətəndaşa çox cüzi məbləğdə kompensasiya təklif edilir. Normal məntiqlə yaranan ehtimal odur ki, BŞİH hətta sənədləşdirərək bu pulları mənimsəyir. Qeyd edək ki, bu sənəd əsasında sakinlərə ödənməsi nəzərdə tutulan 100 milyonlarla manat Rufan Kazımovun şəxsi hesabına köçürülüb. Hansı təminat var ki, həmin pullar şəxsi hesabdaca mənimsənilməyəcək?!
Maraqlıdır ki, guya köçürməni təşkil etməli olan R.Kazımov faktiki olaraq ortada yoxdur, evləri sökülən sakinlər belə bir adam tanımırlar. Ev yıxma, köçürmə əməliyyatında isə şəxsən H.Abutalıbov, onun işçiləri və polis iştirak edir.
Ötən gün xeyli araşdırdıq, R.Kazımovun özünü tapa bilmədik. Amma araşdırmalarımız zamanı bizə bəlli oldu ki, R.Kazımov 29.08.2009-cu il tarixdən Nəsimi rayonu Mərdanov qardaşları 41, mənzil 27 ünvanda qeydiyyatdadır. Həmin mənzilə aid telefona zəng etdikdə, orada Rufan adlı şəxsin yaşamadığını, belə bir adam tanımadıqlarını dedilər.
Araşdırmalarımızı davam etdirəcəyik. Müsavat deputat qrupu isə bu məsələni bu gün parlamentdə qaldıracaq.
Tofiq Əhmədli/Yeni Müsavat