MİRMAHMUD MİRƏLİOĞLU "AZADLIQ" BLOKUNA SƏRT CAVAB VERDİ
"Adamlar əməkdaşlıq etmək istəmir"
05-03-2010
“Azadlıq” bloku Demokratiya Uğrunda İttifaqın qarşıdan gələn parlament seçkilərində əməkdaşlıqla bağlı Müsavat-DUİ-"Azadlıq" bloku formatında qapalı müzakirə keçirmək təklifini qəbul etməyib. Blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev bu barədə məlumat verib. O, bildirib ki, “Azadlıq” blokunun srağagün keçirilən toplantısında DUİ-nin müraciəti müzakirəyə çıxarılıb: “Toplantıda ”Azadlıq" blokunun seçki taktikası barədə də müzakirə aparılıb. Biz üçlük-Müsavat Partiyası,"Azadlıq" bloku və DUİ formatında müzakirələrin aparılmasını mövcud psixoloji vəziyyət şəraitində məqsədəuyğun hesab etmədik".
Ə.Əliyev onu da bildirib ki, toplantıda blokun parlament seçkilərində iştirakı ilə bağlı müzakirələr aparılıb və bu məsələnin partiyaların daxilində diskussiyaların aparılması nəzərdə tutulub: “Azadlıq” blokunun əməkdaşlıq edəcəyi partiyaların müəyyənləşdirilməsi barədə də müzakirələr davam etdirilib. Amma bu barədə də konkret bir qərar qəbul edilmədi və müzakirələr növbəti toplantıda da davam etdiriləcək".
Ə.Əliyevin sözlərinə görə, parlament seçkiləri ilə bağlı “Azadlıq” blokunun seçki bloku yaratması nəzərdə tutulur və bura digər partiyaların, həmçinin ictimai birliklərin də daxil olması mümkündür.
“Azadlıq” blokunun mənfi cavab verməsi ilə bağlı dünən DUİ Sədrlər Şurasının növbədənkənar toplantısı keçirilib. Bu barədə “Yeni Müsavat”a DUİ təmsilçisi Pənah Hüseyn məlumat verdi. Onun dediyinə görə, toplantıda DUİ-nin təklifinə mənfi cavab verilməsi nəticəsində yaranmış durum dəyərləndirilib: “Birlik istiqamətində müzakirə aparmaq təklifinə ”Azadlıq" blokunun mənfi cavab verməsi təəssüflə qarşılandı. Sədrlər Şurası əməkdaşlığın baş tutmasına ümidin tam itmədiyi və məsləhətləşmələrin davam etdirilməsi qənaətinə gəldi".
Xatırladaq ki, DUİ sözügedən təklifi Müsavat Partiyasına da ünvanlamışdı. Müsavat Partiyası iki həftə əvvəl təklifə müsbət cavab verib.
DUİ-də əsas aparıcı təşkilat olan KXCP-nin sədri Mirmahmud Mirəlioğlu isə “Azadlıq” blokunun təklifə mənfi cavab verməsinə belə münasibət bildirib: “Mövcud siyasi şəraitdə psixoloji durum nədir, onu bilmirəm. ”Azadlıq" blokunun qəbul etdiyi qərarda yəqin ki, başqa məqsədlər var. Onlar psixoloji seçimlə məşğuldurlarsa, o zaman bu məsələ mənlik deyil".
M. Mirəlioğlu bildirib ki, ittifaqın təklifini blok rəhbərliyinə təqdim edərkən onlar bunu normal qarşılayıblar. Amma bu gün başqa bir bəhanə gətirirlər: “Biz onlara rəsmi müraciət etmişik və hazırda rəsmi cavab gözləyirik. Əgər biz bu məsələlərlə bağlı açıqlamalara, müsahibələrə fikir versəydik, onda yanvarın 22-dən bəri gözləməzdik”.
M. Mirəlioğlu bundan sonra “Azadlıq” bloku ilə DUİ arasında əməkdaşlığın mümkün olub-olmaması barədə suala cavabında hər şeyin mümkün olduğunu deyib: “Amma adam əməkdaşlıq edənlərlə əməkdaşlıq edər. Əməkdaşlıq etməyənlərlə nə edə bilərik?! Bu gün ”Azadlıq" bloku ilə əməkdaşlıq imkanları görünmür. Adamlar istəmirlərsə və məqsədəuyğun saymırlarsa, deməli, bu məsələ artıq birtərəfli şəkildə qapandı".