Uçuşu müşahidə edənlərin fikrincə, pilot havaya qalxarkən səhvə yol verib
04-03-2010
Martın 3-ü SU-25 hərbi təyyarəsində qəzaya uğrayan Famil Məmmədli Azərbaycan Hərbi Hava Qüvvələrinin hərbi hissələrindən birinin qərargah rəisi imiş. Turan agentliyinin məlumatına görə, polkovnik leytenant Famil Məmmədli Şəmkir aerodromunda təlim uçuşu həyata keçirirmiş.
Uçuşu müşahidə edənlərin fikrincə, pilot havaya qalxarkən səhvə yol verib. Hərbi dildə buna “yolverilməz manevr” deyilir. Bu o deməkdir ki, o, kifayət qədər yüksəkliyə qalxmadan kəskin dönüş edib və təyyarənin qanadı ilə uçuş zolağına ilişib. Sonra təyyarə idarəetməni itirib və uçuş yeri yaxınlığında yerə düşüb.
Qeyd edək ki, pilotun əslən Ağsu rayonundan olduğu və üç uşaq atası olduğu bildirilir.
Xatırladaq ki, dünən Tovuz rayonunda Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarəsi qəzaya uğrayıb. Su-25 tipli qırıcı təyyarə Aşağı Ayıblı kəndi ərazisindən təxminən 6 kilometr kənarda Zəyəm çayının üzərindəki körpünün yaxınlığında yerə düşüb. Təyyarənin qabaq hissəsi təxminən 1 metrə qədər torpağa batıb. Təyyarənin qırıntıları bir neçə metr radiusda səpələnib. Təyyarə bir neçə hissəyə parçalanıb.
Qəza zamanı təyyarənin pilotu Famil Elman oğlu Məmmədli həlak olub. Şahidlər pilotun meyidinin təyyarədən xeyli kənarda olduğunu bildiriblər. Qəza yeri yaşayış məntəqəsindən uzaq olduğundan mülki əhali arasında xəsarət alan yoxdur.ans
Hadisənin səbəbini Müdafiə Nazirliyi və Hərbi Prokurorluq tərəfindən yaradılmış birgə komissiya araşdırır.