FaktXəbərin verdiyi məlumata görə, 1999-cu ildə PKK lideri Abdullah Öcalanın tutulması üçün həmin dövrün baş naziri Bülent Ecevitin İsrailin baş naziri Benyamin Netanyahudan kömək istədiyi, Aponun Keniyada, 6 nəfərdən ibarət MOSSAD qrupunun əməliyyatı ilə tutulduğu iddia edilir. İddiaya görə, Keniya kəşfiyyatı da yunan səfirliyinə MOSSAD agentləriylə birlikdə hazırlanan APO basqınında iştirak edib
1999-cu il... Türkiyənin dik duruşu və döyüş təhdidi nəticə vermiş və PKK lideri Abdullah Öcalan, illərdən bəri yaşadığı Suriyadakı Bekka Vadisini tərk etmək məcburiyyətində qalmışdı. Öcalan, İtaliyaya qədəm basan kimi, Türkiyə ilə İtaliya arasında söz dueli də başlamışdı... Ancaq pərdə arxasında çox təəccüblü hadisələr baş verirdi. Bu gizlinləri Öcalanın yaxasını ələ verdiyi Keniyanın gizli xidməti 11 il sonra ilk dəfə ölkənin prestijli qəzeti "The Nation"a açıqlayıb. Adının açıqlanmasını istəməyən səlahiyyətlinin iddialarına görə, Öcalanın yaxalanması Türkiyənin tələbiylə həyata keçirilən bir MOSSAD əməliyyatı idi. Kod adı da "Ehtiyatlı" (Watchful) idi.
Səlahiyyətlinin bildirdiyinə görə, Öcalan özünə sığınacaq bir ölkə axtararkən, dövrün baş naziri Bülent Ecevit, İsrailin o dövrdəki baş naziri Benyamin Netanyahuya zəng edərək, "MOSSAD bizə Öcalanı izləmək və tutmaqda köməkçi ola bilərmi" sualını verib. Netanyahu tərəddüd etmədən müsbət cavab verib. Ancaq Ecevitə, "Bu işin içində MOSSADın olduğu heç zaman bilinməyəcək. Öcalan tutulduğu zaman, bunun yalnız Türkiyə təhlükəsizlik orqanları tərəfindən təşkil edilən bir əməliyyat olduğunu açıqlayacaqsınız" tələbini irəli sürüb. Ecevit də bunu dərhal qəbul edib. Netanyahu dərhal MOSSAD rəhbəri Efraim Halevyi ilə görüşüb. Əməliyyat üçün 6 nəfərdən ibarət bir MOSSAD qrupu təşkil edilib.

İŞi QADIN AGENT APARMALI İDİ
MOSSAD tərəfindən əməliyyata "Ehtiyatlı" (Watchful) adı verildi. MOSSAD şefi qrupdan yalnız Öcalanı izləmələrini, onlara təlimat verilmədiyi müddətdə heç bir əməliyyat icra etməmələrini istəyib. İlk təqib Romada başlayıb. 2 texniki təqibçi (yahalomin) və bir qadın agentin (bat leveyha) də olduğu qrup, Öcalanın qaldığı mənzilin yaxınlığına izləmə və dinləmə sistemi qurarşıdırıb. Vatikan yaxınlığındakı bölgədə məqsəd, qadın MOSSAD agentinin Öcalana yaxınlaşmasını təmin etmək idi, ancaq Öcalan İtaliyanı tərk ediyinə görə, bu plan baş tutmadı.
Öcalan, İtaliyadan sonra getdiyi İspaniya, Fas, Tunis, Suriya və Portuqaliyada da MOSSAD agentlərinin təqibində idi. Bütün sığınacaq müraciətləri rədd edilirdi. Sonda bir hollandiyalı kəşfiyyatçı Amsterdamdakı MOSSAD şefinə "Öcalan KLM təyyarəsiylə Nairobiyə gedir" məlumatını verdi. MOSSAD qrupu dərhal Keniyaya uçmaq üçün hazırlıqlara başladı.
ÖCALANIN KEÇİRDİYİ BÜTÜN GÖRÜŞLƏR DİNLƏNİLİRDİ
5 fevral 1999-cu ildə "Ehtiyatlı" qrupu Keniyaya endi. MOSSAD və Keniya kəşfiyyatı çox yaxşı əlaqələr qurmuşdu. Hətta MOSSADın Keniyada etibarlı evlərə sahib olmasına da icazə verilirdi. MOSSAD, CIA-ın da köməyiylə Öcalanın Yunanıstan səfirliyində saxlandığını müəyyənləşdirdi və dərhal səfirlik dinlənməyə başlanıldı. Öcalanın keçirdiyi bütün görüşlər, küçənin qarşısında düşərgə salan MOSSAD agentləri tərəfindən dinlənilirdi.
Və sonda Halevyidən gözlənilən əmr gəldi: "Öcalanı ilk fürsətdə tutun!" Bunun üsulu olaraq da, Öcalanın mühafizə dəstəsinə daxil olmaq göstərildi. Necə oldusa Öcalan, yanında silahlı mühafizəçilər və bir pulemyotla Keniyaya daxil olmağı bacarmışdı. MOSSAD, Öcalanın mühafizəçilərindən birini nəzarətə götürdü və mühafizəçi "Norfolk" Otelində içki içərkən, Kürdcə əla danışan MOSSAD agentlərindən biri ona yaxınlaşaraq etibarını qazandı.
Mühafizəçi sonralar agentə Öcalanın, müraciətlərinin rədd edilməsinə görə çox əsəbi olduğunu söylədi. Cənubi Afrikanın da müraciətini rədd etməsindən sonra ümidsizliyə qapıldığını bildirdi.
KENİYADA ƏN MƏŞHUR QƏZET
Xəbərin nəşr olunduğu "Nation" qəzeti, Keniyada 205 min tirajla ölkənin ən məşhur və ciddi qəzeti kimi qəbul edilir. Qəzet ayrıca olaraq, Şərqi Afrikanın ən böyük və müstəqil nəşr orqanı olaraq tanınır. 1960-cı ildən bu yana İngiliscə nəşr olunan qəzet, ən yaxın rəqibindən 3 dəfə qabaqdadır.
"Lazaros Mavros" PASPORTUYLA TUTULDU
Türkiyənin təzyiqləri nəticəsində Suriyadan çıxmaq məcburiyyətində qalan Öcalan, əvvəl Rusiyaya, oradan İtaliyaya keçdi. İtaliya hökuməti tərəfindən də ölkədən çıxarıldıqdan sonra Yunanıstanın Keniya səfirliyində gizlənən Öcalan, 16 fevral 1999-cu il tarixində Qırmızı Beretlilər tərəfindən təyyarəylə Keniyadan Türkiyəyə gətirildi. Öcalanın üzərindən Lazaros Mavros adına düzəldilmiş saxta bir Kipr Respublikası pasportu çıxdı.
MOSSAD LİDERİ ETİRAF ETMİŞDİ
MOSSADın həmin zaman başçısı olmuş Efraim Halevy, təqaüdə çıxdıqdan sonra yazdığı kitabda Öcalanın tutulmasının bir MOSSAD əməliyyatı olduğunu iddia etmişdi, ancaq Netanyahudan aldığı birbaşa əmrə görə, bütün MOSSAD agentlərinə istiqamətli hazırladığı mesajda "Öcalanın tutulmasıyla təşkilatımızın heç bir əlaqəsi olmamışdır" ifadəsini işlətdiyini etiraf etmişdi. Bu mesajı yazmaq qərarını Halevy kitabında belə izah edir: "Türk mətbuatında çıxan xəbərlərin əsassız olduğu həqiqətinin sürətlə dəyişən vəziyyət içərisində əhəmiyyətsizliyini başa düşürdüm. Avropadakı kürdlərin həqiqətin nədən ibarət olduğunu başa düşmələri halında, Avropa torpaqlarında baş verən xəyanətin intiqamını almaqla kifayətlənməyib, çətin vəzifələrimizi daha da təhlükəli hala gətirəcək bir düşmənlə qarşı-qarşıya gələcəyimizdən narahat idim. Bu şərtlər altında kürdlərə, liderlərinin tutulmasıyla MOSSADın uzaqdan-yaxından əlaqəsi olmadığına dair açıq və dəqiq bir siqnal göndərmək vacib olmuşdu."
Əli Hüseynli
