Yaşar Cəfərli: "Rusiya ilə qurulan bugünkü diplomatik münasibətləri nəzərə alsaq, Ermənistan o qədər də şimal qonşumuza bel bağlamamlıdır"
01-03-2010
Artıq bir müddətdir ki, regionda Türkiyə-Ermənistan münasibətləri gündəmi zəbt edib. Bu münasibətlərin fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqlar növbəti mərhələsinə qədəm qoymuşdu. Eyni zamanda əksər ekspertlər bu problemin hərb yolu ilə həll olunacağına böyük inam bəsləyirlər. Belə ki, FaktXəbərə danışan hərbi ekspert Yaşar Cəfərli bildirdi ki, hal-hazırda Türkiyə-Rusiya arasında müəyyən danışıqlar aparılır. Rusiya-Gürcüstan münasibətlərindən sonrakı mərhələdə Ərdoğanla Rusiya nümayəndələrinin görüşü və ABŞ-ın bu məsələyə qarışmasına şahid olduq: “Burada söhbət Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşmasından gedir. O cümlədən sərhədlərin açılması və kompleks tədbir olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqların daha ciddi mərhələyə yönəlməsi də bu istiqamətdə atılan addımların tərkib hissəsidir”.
Ekspert müharibənin daim diqqət mərkəzində olduğunu dilə gətirdi: “Hesab edirəm ki, böyük sülh müqaviləsi imzalana qədər müharibə ehtimalı gündəmdə qalacaq. Sadəcə olaraq bu ehtimalın artıb-azalma məsələsindən danışmaq olar. Danışıqlar gedirsə, münasibətlər istiləşirsə, münaqişənin danışıqlar yolu ilə həll olunmasına ehtimal yaranırsa, aydın məsələdir ki, müharibə proqnozları azalır. Əks halda hər iki tərəf digərinə barmaq silkələyib, sinəsinə döyəndə təbii ki, döyüş əməliyyatının bərpası amilləri güclənir. Düşünürəm ki, belə olan halda müharibə təhlükəsi artır. Eyni zamanda müharibədən başqa çıxış yolu da yoxdur. Artıq münaqişənin dondurulmasından xeyli vaxt keçib. Biz fələstinlilər kimi əlli-altımış il gözləyən deyilik ki”.
Y.Cəfərli Türkiyə-Azərbaycan münasibətlərinə də toxundu: “Türkiyə siyasilərininfikirlərini və ictimai rəyini, eyni zamanda onların qeyri-hökumət təşkilatlarını və ekspertlərini nəzərə alsaq və ordu generallarının açıqlamalarını dinləsək, onlar deyirlər ki, Türkiyə həmişə Azərbaycanın yanında olub və olacaq, onların hər bəyanatını dəstək kimi qəbul etməliyik. Azərbaycan müharibəyə başlayarsa, Türkiyə bizim yanımızda olmalıdır”.
“Türkiyənin hərbin dəstəyi nəticəsində Qarabağ münaqişəsinə beynəlxalq güclərin açıq müdaxiləsini düşünmürsünüzmü” – sualına cavab olaraq Y.Cəfərli dedi: “Belə ehtimal olsa da, o qədər də təhlükəli deyil. Nəzərə alaq ki, onsuz da Rusiya Ermənistanın yanındadır. Belə bir versiya da ola bilər ki, Türkiyə Azərbaycanı müdafiə etsin, amma Rusiya Ermənistanı dəstəkləməsin. Hər halda bunlar ehtimaldır. Eyni zamanda Rusiya ilə qurulan bugünkü diplomatik münasibətləri nəzərə alsaq, Ermənistan o qədər də şimal qonşumuza bel bağlamamlıdır”.