Mahaçqala və Dərbənddəki "Sunna" mağazalar şəbəkəsi "FSB"nin araşdırma obyektləri arasındadır
01-03-2010
Dağıstanın paytaxtı Mahaçqalada, Kaspiysk, Dərbənd və Daqestansikiye Oqni şəhərlərində Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyx Allahşükür Paşazadəyə məxsus dini kitab və ləvazimatlar mağazaları bağlanacaq. Bu barədə artıq rəsmi səviyyədə göstəriş verilib. Məlumatı bizə Dərbənddə yaşayan həmyerlilərimizdən biri verib.
Onun dediyinə görə, respublikanın iki ən böyük şəhərində, Mahaçqala və Dərbənddə dini ədəbiyyat və ləvazimatın satışı ilə məşğul olan dükanların sayı son iki illə müqayisədə ən azı on dəfə artıb. Bunlardan ən böyükləri isə “Sunna” mağazalar şəbəkəsidir. Həmin mağazanı isə hörmətli Şeyximizin yaxınları idarə edir. İndi onlar yerli “FSB”nin araşdırma obyektlərindən birinə çevriliblər. Bir qədər əvvəl Mahaçqala milisi dini ədəbiyyatın satışı ilə məşğul olan mağazalarda reydlər keçirib. Dağıstan bürosunun İnformasiya və Xarici Əlaqələr Nazirliyindən verilən məlumata görə, keçirilən reydlər zamanı radikal vəhhabiliyi təbliğ edən külli miqdarda ədəbiyyat satışdan çıxarılıb. Mağaza sahiblərinə ciddi xəbərdarlıq edilib və bildirilib ki, belə kitabları yaymaqla yenidən məşğul olacaqları təqdirdə, cinayət məsuliyyətinə cəlb ediləcəklər. Nazirlikdən verilən məlumata görə, analoji yoxlamalar dini ədəbiyyatın çapı ilə məşğul olan nəşriyyatlarda da aparılır.
Mənbənin bildirdiyinə görə, bir neçə günə bu mağazaların əksəriyyəti qapadılacaq./Yeni Müsavat