Cahangir Əsgərovun "vurulacağı" xəbəri təsdiqlənir
"Naxçıvan xanı" AZAL prezidentini yendi
25-02-2010
"Azadlıq" qəzetində yenidən AZAL prezidenti Cahangir Əsgərovun vəzifədən çıxarılması barədə məqalə dərc olunub. Məqalədə deyilir ki, artıq dövlət başçısı Ilham Əliyev də AZAL prezidentinin “vurulmasına” razılıq verib. Cahangir Əsgərov bir neçə dəfə Ilham Əliyevlə görüşmək istəyib. Lakin dövlət başçısı onu qəbul etməkdən imtina edib.
Məlumatda həmçinin vurğulanır ki, Cahangir Əsgərovla vidalaşmaq məsələsinin hansı səbəbdən gündəmə gəlməsi ilə bağlı müxtəlif xəbərlər var. Məlumatlardan biri də budur ki, AZAL prezidenti Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla konfliktə getdiyinə görə hədəfə gəlib.
Uzun müddət idi ki, Cahangir Əsgərovla Vasif Talıbov Naxçıvan aeroportuna nəzarət etmək uğrunda mübarizə aparırdı. AZAL prezidenti müəyyən addımlar atmaqla Vasif Talıbovun Naxçıvan aeroportunu tam ələ keçirməsinə imkan vermirdi. Bu sıraya Naxçıvana təyyarə biletlərinin qiymətinin artırılması, reyslərin vaxtlı-vaxtında həyata keçirilməməsi və s. daxil idi. Cahangir Əsəgərov bununla Vasif Talıbovun iddialarından geri çəkilməsinə nail olmağa çalışırdı. Lakin AZAL prezidentinin gözlədiklərinin əksi baş verdi. Onun özü hədəfə gəldi. Dünən mətbuatda yayılan bir məlumat da Cahangir Əsgərovun məhz Vasif Talıbovla konfliktə getdiyinə görə hədəfə gəldiyini deməyə əsas verir. Həmin məlumatda bildirilir ki, artıq AZAL Bakı-Naxçıvan-Bakı marşrutu ilə müntəzəm sərnişin reyslərinin həyata keçirilməsindən uzaqlaşdırılıb. Bu reysləri həyata keçirmək özəl şirkət olan “Turan Air”ə tapşırılıb. Bu şirkət isə Silk Way Holding qrupuna məxsusdur.
Maraqlıdır ki, AZAL bu məsələ ilə bağlı rəsmi olaraq heç bir izahat verməyib. Naxçıvan reysinin başqa bir şirkətə verilməsinin hansı zərurətdən doğduğuna aydınlıq gətirilməyib.
Hər bir halda isə bu, Cahangir Əsəgərovun “vurulmasının” başlancığıcı kimi dəyərləndirilməlidir.