Leyla Yunus: "Çox istrədim ki, bu gün qazamatda yatan beş nəfər barəsində geniş məlumat alam və onların hüquqlarını qoruyam"
24-02-2010
“Hər bir vətəndaşın öz fikrini ifadə etmək hüququ var. Konstitusiyada nəzərdə tutulmuş sərbəst toplaşmaq haqqında qanunun pozulması çox pis haldır. Ümumiyyətlə zorakılıqla vətəndaşları döyüb, şikəst etmək demokratiyanı pozmaq deməkdir” - bu sözləri Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus FaktXəbərə açıqlamasında bildirdi: “Fevarlın 13-ü belə bir qanunsuzluğun bir daha şahidi olduq. Hesab edirəm ki, orada zərər çəkmiş şəxslər polisi məhkəməyə verməlidirlər”.
L.Yunus eyni zamanda dindarlarla polis qarşıdurmasından təqribən bir həftə sonra bir qrup şəxsin İran səfirliyi qarşısında keçirdikləri aksiyaya da münasibət bildirdi: “İran səfirliyinin qarşısında baş verən aksiya normal keçirilib. Onu yaxşı hal kimi qiymətləndirmək olar. Niyə ediblər, nə danışıblar, hansı məqsədə görə ora toplaşıblar bunlar başqa mövzudur. Əsas odur ki, insanlar sərbəst toplaşıb, fikirlərini çatdıra biliblər. Heç bir qarşıdurma baş verməyib.
Amma dindarların yürüşü zamanı polis tərəfindən ciddi qanun pozuntusuna yol verilib. Yaxşı olardı ki, saxlanılanların siyahısı, keçirilən məhkəmələrin qərarları ilə birlikdə mənə təqdim olunardı” - deyə L.Yunus vurğuladı: “Vətəndaşları saxlayıblar, döyüblər və qanunsuz olaraq məhkəmə onların barəsində qərar verib. Biz bu məlumatları beynəlxalq təşkilatlar göndərməklə öz tərəfimizdən nəzarətdə saxlaya bilərik. Çünki açıq-aşkar Azərbaycan vətəndaşlarının toplaşmaq haqları pozulub. Eyni zamanda saxlanılanlara zor tətbiq olunub. Onların haqqında cinayət işinin açılması daha böyük qanunsuzluqdur”.
L.Yunus barələrində həbs qəti-imkan tədbiri seçilən beş nəfərin hüquqlarını müdfiə etməyə hazır olduğunu dedi: “Çox istrədim ki, bu gün qazamatda yatan beş nəfər barəsində geniş məlumat alım. Bununla onlara kömək etməyə çalışıram. Yenə bildirirəm ki, Azərbaycanda sərbəst toplaşmaq və azad məhkəmədən istifadə etmək prinsipi pozulur”.