Balakəndə ağ qan xərçənginin artımı müşahidə olunur
Balakən daim uzunömürlülərin vətəni olub, indi onun ərazisi səhiyyənin nöqsanları ucbatından meydana gələn və sayı sürətlə artan uşaq qəbirlərinin müdhiş mənzərəsini nümayiş etdirən səhnəyə çevrilməməlidir
24-02-2010
Ölkəmizin şimal-qərbində yerləşən Balakən, sərhəd rayonu olmaqla yanaşı, gözəl təbiəti, münbit torpaqları, mülayim iqlimilə seçilir. Tanrı bu bölgəyə zənginlik barədə çox əliaçıqlıq edib. Lakin son illərdə bu bölgə əhalisinin, xüsusilə gənc nəslin səhhətində əmələ gələn çətinlikləri təbiətə vurulan ziyanla, filiz mədənlərində istehsalat təhlükəsizliyinin təmin edilməməsilə əlaqələndirirlər.
Bəziləri ağır xəstəliklərin yaranmasında, hətta Qəbələ radiolokasiya stansiyasının buraxdığı şüaların mənfi təsirini ön plana çəkir. Səbəblərindən asılı olmayaraq, son dövrlərdə rayonda leykemiya (ağ qan xərçəngi) xəstəliyinə düçar olanların sayı xeyli artıb. Uşaqlar arasında bu xəstəlikdən ölüm halları da baş verib.
Dövlətimiz, şəxsən prezident İlham Əliyev Balakənin sosial-iqtisadi inkişafına böyük qayğı göstərir. Əhalinin sağlamlığının səviyyəsini yüksəltmək məqsədilə son illərdə rayon mərkəzində yeni xəstəxana binası istifadəyə verilib, bu səhiyyə ocağı müasir tibbi avadanlıqlarla təchiz edilib. Əhali bu qayğıdan çox razı qalmaqla yanaşı, yeni təhlükəli xəstəliyin yaranmasından ciddi təşviş hissləri keçirməyə başlayıb. Səhiyyə Nazirliyinin rəhbərliyi möhkəmləndirildikdən sonra ölkədə qorxulu xəstəliklərə qarşı mübarizə xeyli gücləndirilib, xəstəliklərin artma səviyyəsi və arealı barədə məlumatların ört-basdır edilməsi kimi biabırçı hallara son qoyulub. Balakən rayonunda səhiyyə sahəsində müəyyən dəyişikliklər baş versə də, yeni qorxulu xəstəliklərin qarşısının alınması sahəsindəki işləri qənaətbəxş hesab etmək olmaz. Təəssüflə qeyd etmək lazımdır ki, valideynlərin böyük həyəcanına baxmayaraq, rayon mərkəzi xəstəxanasının rəhbərliyi, nədənsə, vəziyyətə adekvat qiymət vermək istəmir. Problem elə şəkil alıb ki, Səhiyyə Nazirliyi işə qarışmasa, bu mərəzin qarşısının alınması xeyli çətinləşə bilər. Rayon mərkəzi xəstəxanasının baş həkimi Akif Uluxanov bu gün həyəcan təbili çalmırsa, rayona mərkəzdən güclü mütəxəssislər dəvət etməsə əhalinin sağlamlığının mühafizəsində daha ciddi vəziyyətlər yarana bilər.
Elə etmək lazımdır ki, kömək gecikməsin, valideynlər "uşaqlarımızın həyatını xilas edin" şüarı ilə Prezidentə müraciət etmək məcburiyyətində qalmasın.
Səhiyyə naziri, dioqnostika sahəsində görkəmli mütəxəssis kimi tanınan Oqtay Şirəliyev özü işə qarışmasa, vəziyyət nəzarətdən çıxa bilər və bu, daha acınacaqlı nəticələrə gətirib çıxarar. Balakən daim uzunömürlülərin vətəni olub, indi onun ərazisi səhiyyənin nöqsanları ucbatından meydana gələn və sayı sürətlə artan uşaq qəbirlərinin müdhiş mənzərəsini nümayiş etdirən səhnəyə çevrilməməlidir. Biz ciddi tədbirlər görüləcəyinə möhkəm inanırıq.