Ötən il ali məktəblərə keçirilmiş qəbul imtahanlarındakı test tapşırıqlarının çətin olması barədə fikirlər hələ də ictimaiyyət arasında müzakirə olunur. Əksər mütəxəssislər bilavasitə məktəb proqramları ilə işləyən müəllimlər ötənilki qəbul imtahanlarına salınmış test suallarının əvvəlki illərlə müqayisədə çətin olduğunu deyirlər. Testləri tiərtib edənlər isə, əksinə abituriyentlərin səviyyəsinin aşağı düşdüyü qənaətindədirlər.
Təhsil Nazirliyinin qəfil zərbəsi
Testlərin səviyyəsi barədə deyilənlərə aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin mətbu orqanı “Azərbaycan müəllimi” qəzeti bir eksperiment keçirib. Ötənilki qəbul imtahanlarında I ixtisas qrupu üzrə riyaziyyatdan D variantında olan 2 sualı cavablandırmaq üçün ölkənin ən tanınmış iki ümumtəhsil məktəbi seçilib: Bakıdakı 6 nömrəli məktəb-lisey və Elitar Gimnaziya. Misalların həlli üçün bu təhsil ocaqlarının ən yaxşı riyaziyyat müəllimlərinə müraciət olunub. Eksperimentə cəlb edilən müəllimlərdən yalnız 2-si tapşırıqları qəbul imtahanlarında 1 sual üçün nəzərdə tutulmuş vaxt ərzində (1,5 dəqiqə) yerinə yetirə bilib. Onların əksəriyyəti iki misalın həllinə 10-17 dəqiqə intervalında vaxt sərf edib. 2 müəllim isə ümumiyyətlə, misalları həll edə bilməyib.
Müəllimlərin bəzisi misalları eyni qaydada həll etsələr də, bir neçəsinin həll üsulu tamamilə fərqlənib. Nəticələr tam eyniyyət təşkil etməyib. Bəzi müəllimlər təklif olunan misalların həllini uzun-uzadı riyazi əməliyyatlar apararaq onlara verilən 1 vərəq ağ kağızdan əlavə bir neçəsindən də istifadə ediblər. Halbuki, qəbul imtahanı verən abituriyentin buna imkanı olmur, ona imtahana boş vərəq aparmağa icazə verilmir. O, misalı ancaq test kitabçasındakı ağ sahədə həll etməlidir.Təhsil Nazirliyi eksperimentə cəlb olunan müəllimlərin adlarını açıqlamayıb.
Qeyd edək ki, onların arasında hətta "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri, əməkdar müəllim adın alayiq görülənlər də var. Eksperimentə cəlb edilən pedaqoqların həm də repetitorluqla məşğul olduqları və hərəsinin ən azı 5-10 şagird hazırladığı bildirilir.
Əjdər Ağayev: “Abitruyentə verilən suallar orta məktəb dərsliyindən çıxarılmalıdır»
Məsələyə münasibət bildirən Respublika Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev deyir ki, abituriyentlərə verilən test suallarını müəllim həll edə bilmirsə, bu müəllimin savadsızlığı deyil, test suallarının mürəkkəbliyidir: “Belə olan şəraitdə şagirdi necə qınamaq olar? Test sualları tərtib olunarkən hər bir suala həlli üçün normal vaxt verilməlidir. Suallar tətbiq olunmadan öncə sınaqdan keçirilməlidir». Ekspert deyir ki, TQDK qəbul prosesində əksər işlərin öhtəsindən gələ bilsə də sualların tərtibatında boşluqlar var: “Ali məktəb müəllimi qəbul üçün sual tərtib edirsə, təbii ki, ali məktəbin proqramına əsaslanacaq və qəliz məsələləri testə salacaqdır. Birinci tələb ondan ibarətdir ki, məktəbliyə verilən suallar orta məktəbdə keçdiyi tədris proqramından çıxarılmalıdır. Hətta bəzən elə olur ki, proqramda vaxtı ilə tədris olunan və sonradan çıxarılan bölmədən də test sualları salınır. Belə olmaz axı”.
Firudin Cəlilov: «Test sualları tapmaca xaraketiri daşıyır»
Mövzunu şərh edən keçmiş təhsil naziri Firudin Cəlilov
bildirdi ki, hazırda test imtahanlarının tətbiqində tələb olunan məqsədlər bir kənarda qaldığı üçün nəticələr ürəkaçan deyil: “Biz test imtahanları tətbiq edən zaman nəzərdə tumuşduq ki, suallar istiqamətverici xarakterli olsun. Həmin istiqamətlə abituriyentlər öz biliklərini nümayiş etdirə bilsinlər. Amma indi suallar tapmaca xarekterlidir. Müəllimin öhdəsindən gələ bilmədiyi sualları 16-17 yaşında olan uşaq necə cavablandıracaq? Dəfələrlə demişəm ki, test sualları tapmaca xarakterli deyil, sadə dildə təşkil olunmalıdır. Bəzən riyaziyyatla bağlı elə məsələlər qoyulur ki, sualın həlli asan olduğu halda abituriyent ondan nə tələb olunduğunu dərk edə bilmir”.
TQDK-dan sərt cavab gəldi: “”Bu, iradlar real göstərici deyil”
Məsələyə aydınlıq gətirmək üçün TQDK-nın sektor müdiri Afiqə Batıyeva ilə əlaqə saxladıq. A. Batıyeva bildirdi ki, test imtahanlarının tərtib olunmasına orta və ali məktəb müəllimləri, akademiklər və alimlər cəlb olunur. Qəbul üçün nəzərədə tutulan testlərin tərtibatında isə əsas meyar orta məktəb dərsliklərindən istifadə məsələsidir. A. Batıyeva deyir ki, hazırlanan
hər bir test tapşırığı dəfələrlə yoxlanılır, ekspertizadan keçirilir, uyğunluğu müəyyənləşdirildikdən sonra istifadə üçün yaralı hesab olunur: “Qəbul imtahanlarında TQDK test blokuna sadə, orta və çətin tapşırılqlar daxil edilir. Ona görə də həmin sualların həllinə verilən vaxt çərçivəsinin təyini bizim üçün əsas meyarlardandır. Bunun üçün də bizim test tərtibçiləri və ekspertlər abituriyentlərin həmin sualları nə qədər vaxta həll edə biləcəkləri dəfələrlə yoxlayırlar. Ölkədəki abituriyentlərin əksəriyyəti orta səviyyəlidi. TQDK qəbulda çətin sayılan tapşırıqlara ona görə yer ayırır ki, daha istedadlı, bilikli və savadlı abituriyentləri layiqincə qiymətləndirə bilsin”. Sektor müdiri deyir ki, imtahanlarda iştirak edən ekspertlərin adları, iş yerləri, tərkibləri TQDK-nın rəsmi internet saytında yerləşdirilsə də, konkret sualların tərtibatında iştirak edən müəllimlər məxfi saxlanılır”.
İmtahan suallarının təşkili ilə bağlı səslənən iradlara münasibət bildirən A. Batıyeva deyir ki, iradlar real göstərici deyil: “Biz dərsliklərdən kənara çıxmırıq. Son illərdə sualların tərtibatında çətinlik yaranmayıb, sadəcə olaraq məntiqi təfəkkür tələb edən, səbəb-nəticə əlaqələri əsasında qurulan sualların sayı çoxaldılıb. Bu məsələni qaldıran müəllimlərin bilik səviyyəsi çox aşağıdırsa, burda günahkar biz deyil. Şagirdlərin nəticələri yetəri qədər qənaətbəxşdir”.
Xatırladaq ki, təhsil naziri Misir Mərdanovla tələbə qəbulu üzrə dövlət komitəsinin rəhbəri Məleykə Abbaszadə arasınada dərin konflikt var. Münasibətlərin yaxşı olmadığını hər iki məmur dəfələrlə nümayiş etdiriblər. Bəhs etdiymiz ekspertiza layihəsini də cənab Misir Mərdanovun rəqibinə qarşı zərbələrdən biri hesab etmək olar.
Vüsalə/Bizim Yol